Biz terrorçular və demokratiya düşmənləri qarşısında baş əyməyəcəyik - Ərdoğan

23 Oktyabr 2024 05:44 (UTC+04:00)

Xalqa xidmət bəhanəsi ilə xalqı aldatmağa, gəncləri “manqurt”a çevirməyə çalışan hər kəsi şərəfsiz son gözləyir. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) funksionerləri qarşısında çıxışı zamanı bildirib.

Türkiyə dövlət başçısı 2016-cı il iyulun 15-də ölkədə hakimiyyətin silahlı ələ keçirilməsi cəhdinin qarşısını alan türk xalqının qəhrəmanlığını yüksək qiymətləndirib.

Siyasətçi xatırladıb ki, “Paralel dövlət” təşkilatı (FETÖ) terrorçularının təşkil etdiyi qanlı çevrilişin iştirakçılarına qarşı mübarizədə 250-dən çox ölkə vətəndaşı həlak olub.

Dövlət başçısı əmin edib ki, FETÖ üzvlərinə qarşı qəti mübarizə bu cinayətkar təşkilat tamamilə dağılana qədər davam edəcək. “Türkiyənin bütün dövlət qurumları FETÖ ilə mübarizəyə cəlb edilib. Mübarizə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda aparılır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bazar günü ABŞ-da dünyasını dəyişən FETÖ terror təşkilatının lideri Fetullah Güleni “alçaq xain” və “Vətən xaini” adlandırıb.

“Bütün dünya Türkiyəyə xəyanət edənlərin sonunun şahidi oldu. Biz terrorçuların, quldurların və demokratiya düşmənlərinin qarşısında baş əymirik”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, xarici dairələr və “beşinci kolon” nümayəndələri Türkiyəni idarə edə bilməyəcəklər.