COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzundan xəbər verir

22 Oktyabr 2024 22:10 (UTC+04:00)

“COP29-a ev sahibliyinin Azərbaycana etibar edilməsi təsadüfi deyil. Bu, Azərbaycanın müasir dünyada elmi və siyasi nüfuzundan xəbər verir”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində agentliyimizə “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı yeni kitabını hədiyyə edən Rusiya Prezident Akademiyasının Jurnalistika fakültəsinin professoru Nizami Məmmədov deyib. Görkəmli alimlər - akademik Yusif Məmmədəliyev və professor Turhan Veziroğlunun xatirəsinə həsr olunmuş nəşr Bakıda Azərbaycan, rus və ingilis dillərində buraxılıb və BMT-nin İqlim Dəyişmələri üzrə Konfransa (COP29) həsr olunub. Kitabın müəllifləri professor Nizami Məmmədov və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyevadır.

Kitabın yeniliyi onun inteqrativliyində - fəlsəfi, təbiətşünaslıq, texnoloji və siyasi məsələlərin üzvi birləşməsindədir. Müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təmiz inkişafa keçid yolunda olmasından çıxış edirlər. Enerjinin müasir cəmiyyətin əsasını təşkil etdiyini nəzərə alsaq, enerjidə yaşıl inqilab, şübhəsiz ki, müxtəlif sahələrdə innovasiyaların xarakterini müəyyən edəcəkdir.

Müəlliflərdən birinin dediyi kimi, kitabda müasir elmin məlumatlarına əsaslanaraq iqlim dəyişmələrində enerji istehsalının və generasiyasının rolu, bu mürəkkəb dinamik prosesdə təbii və texnogen amillərin əlaqəsi müəyyən edilir. İqlim dəyişmələrinin qlobal geofiziki, ekoloji və sosial-iqtisadi nəticələrinə diqqət yönəldilir. İqlim dəyişmələrinin idarə edilməsinin hazırkı səviyyəsi və bu sahədə beynəlxalq sazişlərin rolu qiymətləndirilir.

“Meşələrin qorunması, yaşıllıqların sahəsinin artırılması, Dünya okeanının çirklənməsinin qarşısının alınması kimi iqlim tənzimləmə mexanizmlərinin saxlanmasına zərurət əsaslandırılır. Bəşəriyyətin yaşıl enerjiyə keçidinin iqlim səbəblərinə xüsusi diqqət yetirilir. Bu da belə hesab etməyə imkan verir ki, yaşıl enerjiyə keçid təbii tarixi prosesdir və buna davamlı inkişaf və ekoloji sivilizasiyanın formalaşması nəzəriyyəsi kontekstində baxılmalıdır”, - deyə professor qeyd edib.

Kitabda ölkənin bərpaolunan enerji mənbələri üzrə misli görünməmiş yüksək potensiala malik olması səbəbindən külək və günəş enerjisinin inkişafı üzrə Azərbaycan modelinin xüsusiyyətləri ətraflı şəkildə açıqlanır.

“Azərbaycan günəşli və eyni zamanda, küləkli ölkədir. Bu, günəş və külək enerjisi çeviricilərini birləşdirən, əlavə enerji toplamaq üçün hidrogen hasil edən, bir-birini tamamlayan prinsip əsasında enerji kompleksinin yaradılması üçün unikal haldır”, - deyə N.Məmmədov əlavə edib.

Nəşrdə Azərbaycan neft elmini dünyada təmsil edən akademik Yusif Məmmədəliyevin yaşıl enerjinin inkişafına verdiyi töhfə xüsusi qeyd edilib. Hələ 1930-cu illərdə alim tullantısız, ekoloji cəhətdən təmiz kimya istehsalının yaradılmasının zəruriliyini qeyd edib, ətraf mühitin çirklənməsinin, xüsusilə səmt neft qazının atmosferə atılmasının və onun yanmasının qarşısının alınmasının tərəfdarı olub. Kitabda Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının (IAHE) qurucusu, türkiyəli alim, professor Turhan Nejat Veziroğlunun hidrogen tədqiqatlarına xüsusi töhfəsi də qeyd olunur.

Kitabda vurğulanır ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinə əsaslanan enerjinin inkişafı təbii qaza və neftə qənaət etməyə, istixana qazlarının emissiyalarını azaltmağa imkan verəcək. Müəlliflər dövlətin enerji siyasətini dəyişdirən Azərbaycan rəhbərliyinin müdrikliyini yüksək qiymətləndiriblər.

“Bunu etmək asan deyildi, çünki ölkə tarixən neft və qaz ehtiyatlarının işlənməsinə yönəldilmişdi. İndi neft və qaz hasilatı iqtisadi cəhətdən mümkün hədlər daxilində qalacaq”, - deyə Rusiya Prezident Akademiyasının Jurnalistika fakültəsinin professoru vurğulayıb.