"İqlim dəyişikliyi gender bərabərsizliyini daha da dərinləşdirir..."

22 Oktyabr 2024 21:25 (UTC+04:00)

COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu BMT-nin Cenevrədə keçirilən tədbirində çıxış edib

COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova oktyabrın 22-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə Cenevrədə keçirilən “Pekin+30” Regional Baxış Görüşü çərçivəsində təşkil olunan “Gender fərqinin aradan qaldırılması: Avropa İqtisadi Əməkdaşlıq (ECE) regionunda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün effektiv siyasətlər” mövzusunda sessiyada çıxış edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, L.Həsənova çıxışında iqlim dəyişikliyinin mövcud gender bərabərsizliyini daha da dərinləşdirdiyini, xüsusilə qadınların və qızların fəaliyyətini, sağlamlığını və təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

İqlim fəlakətləri nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan insanların 80 faizini qadınların və uşaqların təşkil etdiyini diqqətə çatdıran gənclər iqlim çempionu bildirib ki, buna baxmayaraq qadınlar iqlim böhranlarına cavab verməkdə, qabaqcıl həll yollarının tapılmasında və iqlim məsələləri ilə bağlı təşəbbüslərdə ön sıralardadırlar. O, bu xüsusda dayanıqlı elektrik enerjisi istehsal etmək üçün yağış suyunun gücündən istifadə edilməsinə dair ixtiranın müəllifi, azərbaycanlı gənc Reyhan Camalovanın dünyada böyük rəğbət və maraqla qarşılanan fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb.

L.Həsənova iqlim fəaliyyəti ilə gender bərabərliyinin inkişaf etdirilməsində maliyyə mənbələrinə, layiqli işə və məlumatlara çıxış imkanlarının önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, iqlim maliyyəsi nadir hallarda yerlərdəki qadınlara, xüsusən də iqlim dəyişikliyi ilə bağlı ilk sıralarda çalışanlara çatır. Əsas məqsəd kimi gender bərabərliyinə həsr olunmuş iqlim maliyyəsi cəmi 2,4 faiz səviyyəsindədir.

“Biz qadınların və qızların iqlim liderləri və aktorları kimi mühüm rolunu gücləndirməliyik. Bütün hökumətlərin, maliyyə institutlarının, xeyriyyəçilik və digər maraqlı tərəflərin iqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrdə qadınlara və qızlara maliyyə axınını artırmağa ehtiyac var”, - deyə L.Həsənova xüsusi vurğulayıb.

Həmçinin qeyd edilib ki, qlobal miqyasda biznesin böyüməsində gender fərqinin aradan qaldırılması ümumi daxili məhsula 2,3 trilyon dollar və 433 milyon iş yeri qazandıra bilər. Bu isə gender bərabərliyini və qadın hüquqlarını əsas götürən iqlim təşəbbüslərinə sərmayə qoymağın əhəmiyyətini və faydalılığını göstərir.