Ankara Vaşinqtonun tələbini yerinə yetirdi...

22 Oktyabr 2024 20:47 (UTC+04:00)

...Türkiyə rəsmi açıqlama vermədən ixracatçılarına Amerika hərbi məhsullarının Rusiyaya daşınmasına qadağa qoyub. Bu, Vaşinqtonun Qərbin sanksiyalarına qoşulmayan və Rusiya-Ukrayna münaqişəsində neytrallığını qorumağa çalışan Ankaranı Rusiya hərbi-sənaye kompleksini dəstəkləməyin “nəticələri” ilə hədələməsindən sonra baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times”-a məsələni bilavasitə bilən üç nəfər bildirib ki, Türkiyə hakimiyyəti son həftələrdə ölkənin elektron gömrük sistemində dəyişikliklər edib.

...ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Yaponiyanın Rusiya hərbi sənayesi üçün kritik hesab etdiyi 50 “yüksək prioritet” mallar siyahısına daxil edilmiş Amerika məhsullarının Rusiyaya göndərilməsi artıq ixracatçılara qadağan ediləcək.

Bunlara raket və dronlarda istifadə olunan prosessorlar və yaddaş kartları, uzaqdan idarəetmə sistemləri, dəzgahlar və silah istehsalında istifadə olunan digər avadanlıqlar da daxil olmaqla qabaqcıl elektronika daxildir.

İki mənbənin “Financial Times”-yə verdiyi məlumata görə, Avropa Birliyindən oxşar malların tədarükü əvvəllər bloklanıb. Mənbələrdən biri bildirib ki, məhdudiyyətlər “siyasi baxımdan həssas” bir məsələ olduğu üçün ictimaiyyətə açıqlanmır.

Cozef Bayden administrasiyası Türkiyə vasitəsilə Rusiyaya silah məhsullarının tədarükünü dayandırmaq üçün əhəmiyyətli səylər göstərib. Avqust ayında Amerikanın qabaqcıl texnologiyasının ABŞ düşmənlərinin əlinə keçməsinin qarşısını almağa çalışan ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod Ankara və İstanbulda türk rəsmiləri və top-menecerləri ilə görüşüb.

Akselrod Türkiyə nümayəndələrinə bu cür məhsulların Rusiyaya tədarükünü əngəlləməsə, xoşagəlməz “nəticələr” barədə xəbərdarlıq edib.

Əli Babayev