Perunun eks-prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib

22 Oktyabr 2024 19:45 (UTC+04:00)

Perunun keçmiş prezidenti Alexandro Toledo korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə 20 il yarım müddətinə azadlıqdan məhrum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu hökmü bazar ertəsi, oktyabrın 21-də Lima Ali Məhkəməsi çıxarıb.

Məhkəmə Toledonu 2001-2006-cı illərdə prezidentliyi dövründə təqribən 35 milyon dollar rüşvət almaqda təqsirli bilib - rüşvət müqabilində o, Braziliyanın tikinti konserni Odebrecht-ə Peru ilə Braziliyanı birləşdirən avtomobil yolunun tikintisi üzrə müqaviləni udmağa icazə verib. Prezidentlik müddəti bitdikdən sonra Toledo ABŞ-da yaşayırdı.

2017-ci ildə Peru hüquq-mühafizə orqanları siyasətçinin həbsinə order verib və onun ekstradisiyasını tələb edib. Toledo 2019-cu ildə Kaliforniyada saxlanılıb və ev dustaqlığına buraxılıb. O, vətəninə ekstradisiyaya mane olmağa çalışsa da, 2023-cü ildə Peru hakimiyyətinə təhvil verilib.

Odebrecht korrupsiya qalmaqalı Latın Amerikasında ən böyük korrupsiya qalmaqalı hesab olunur. ABŞ səlahiyyətlilərinə görə, şirkətin 12 ölkədə siyasətçilərə verdiyi rüşvətin məbləği təxminən 785 milyon dollar təşkil edib.

Əli Babayev