XVI BRICS sammiti nə vəd edir? - ŞƏRH

22 Oktyabr 2024 19:06 (UTC+04:00)

Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb. Bu tədbir Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biridir. Eyni zamanda, Rusiyanın müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir sayılır. O cümlədən qlobal çoxmərkəzli sistemin inkişafı və regional münaqişələrin həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayır. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antoniu Quterreş qatılacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Aqil Məmmədov söyləyib.

O deyib ki, builki sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. BRICS sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsi olduğunu bildirən A.Məmmədov sammit çərçivəsində üzv ölkələrin, o cümlədən Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın iqtisadi əməkdaşlığı və qlobal problemləri müzakirə edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir: “Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün "tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha geniş miqyaslı təşkilat olmasına imkan verəcək. Əlavə olaraq, sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri də diqqət mərkəzində olacaq. BRICS ölkələri bu münaqişələrin həlli yollarını müzakirə etməklə qlobal sabitliyə nail olmağa çalışırlar”.

Politoloq qeyd edib ki, BRICS Rusiyanın beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirmək baxımından da əhəmiyyətlidir. Sammitin miqyası və iştirakçı ölkələrin sayı Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını, əksinə, onun qlobal səviyyədə tərəfdaşlığını genişləndirdiyini göstərir. Bu, Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu təsdiq edir və Moskvanın çoxqütblü dünya nizamının qurulmasında mühüm rol oynadığını vurğulayır.

Aqil Məmmədov onu da əlavə edib ki, sammitdə BRICS ölkələri ilə yanaşı, "BRICS+" və "Outreach" formatlarında bir sıra digər ölkələr də iştirak edir. Bu ölkələrdən biri Azərbaycandır. Ölkəmiz artıq BRICS-in gələcək üzvü olmaq istəyini ifadə edib. Bu fakt, BRICS-in qlobal təsir dairəsinin genişləndiyini və onun çoxmillətli və mədəni dialoq platforması kimi əhəmiyyətini artırdığını göstərir.

“Sammitin vacib mövzularından biri də Yaxın Şərqdəki vəziyyətdir. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi müzakirələrdə, xüsusilə Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasında davam edən qarşıdurmalar müzakirə mövzusu olacaq. BRICS bu münaqişələrin diplomatik vasitələrlə həlli üçün yollar axtaracaq, qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir mübadilələri aparılacaq. Düşünürəm ki, Kazanda keçirilən BRICS sammiti qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbirdir. Sammitin nəticələri Kazan deklarasiyası ilə rəsmiləşdiriləcək və bu sənəd BRICS ölkələrinin gələcək inkişaf yolunu müəyyən edəcək”, - deyə Aqil Məmmədov bildirib.