Qərb Gürcüstanda vətəndaş müharibəsi hazırlayır - ANALİTİK

22 Oktyabr 2024 18:36 (UTC+04:00)

Gürcüstanda seçkilərə cəmi 4 gün qalıb. Əgər nəzərə alsaq ki, oktyabrın 25-I “sükut günü”dür, partiyaların təbliğat-təşviqat prosesinə daha 3 gün sərf edə biləcəklər. Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrinin Gürcüstanla yanaşı bütün Cənubi Qafqaza təair edəcəyini deyənlər də çoxluq təşkil edir. Nəzərə alsaq ki, regionda maraqlı olan qüvvələr də bu nəticələrə uyğun davranacaqlar, onda yaxın günlərdə biz daha böyük hadisələrə şahidlik edə bilərik. Keçirilən aksiyalar da prosesin nataraz olacağından xəbər verir.

Maraqlıdır seçkilərin nəticələrindən kim qazanacaq, ABŞ, yoxsa, Rusiya? ABŞ-ın Cənubi Qafqazı öz təsirinə salmaq istəyi kimsəyə sir deyil. Ermənistan faktiki olaraq ABŞ-ın nəzarətindədir. Növbə Gürcüstanındır. Keçiriləcək seçkilərin nəticələri nə olursa olsun Gürcüstanda xaos gözlənilir. Əgər hakim partiya seçkidə qələbə qazanarsa, bu zaman ABŞ öz agentura şəbəkəsi və “Soros fondu”nun dəstəyi ilə müxalifəti ayağa qaldıracaq. Dövlət çevrilişinə cəhd də planın bir hissəsidir. Əgər müxalifət qazansa, Gürcüstan Rusiya ilə müharibəyə sürüklənəcək. Yəni, Gürcüstan xaosdan sığortalanmayıb.

“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili açıqlamasında ABŞ və Qərbin ondan tələbini açıqlayıb. Məlum olub ki, ondan Rusiya ilə 4 günlük müharibə etməsini, hətta partizan hərəkatı ilə müharibəni davam etməsini istədiklərini deyib. Qərbin məqsədi Gürcüstanda sadəcə xaos yaratmaqdır, əgər bu baş versə yeni hədəf Azərbaycan olacaq. Bidzina İvanişvilinin “İmedi” telekanalına müsahibəsi bir çox baxımdan diqqət çəkib. Qərblə bağlı dedikləri isə Qərb-Gürcüstan gərginliyinin səbəblərini üzə çıxarır: “Avropa və Amerikada bütün siyasətçilər NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər. Bu, 2008-ci ildə planlaşdırılıb. Gürcüstan və Ukraynanı ona görə kənarda saxlayıblar və NATO-ya üzv qəbul etmirlər. Həmin ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan Alyansa qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı. Amma reallıq tamam başqadır. Bu, bir-iki ölkə veto qoyduğuna görə baş vermədi. NATO koordinatorlarının Ukrayna və Gürcüstanı qəbul etmək istəyi yox idi. Çünki Avropadan və Amerikadan olan istənilən səviyyəli siyasətçilər heç bir halda NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər”.

Qərb birbaşa Rusiya ilə müharibə etmək istəmir. Əvəzində Ukrayna və Gürcüstan kimi ölkələri irəli verir və Rusiya ilə proksi müharibə aparmağa üstünlük verdiyi halda Aİ, NATO həm münaqişədən kənarda qalır, həm də dağıntılara məruz qalmır. Gürcüstan 2008-ci il hadisələrindən bu günə qədər Qərbin ona dəstək verəcəyini gözləyir. Maliyyə dəstəyindən və yaxud Avropa İttifaqının iqtisadi, siyasi güzəştlərindən söhbət getmir. 16 il keçməsinə baxmayaraq Aİ və NATO-ya üzv olmaq istəyində olan Tbilisinin arzusu çin olmayıb. Qərb vədini unudub, Gürcüstanı Rusiya ilə bir neçə dəfə qarşı-qarşıya qoyub. Nəticədə, Abxaziya və Cənubi Osetiya faktiki olaraq itirilib. Qərbin Gürcüstandan Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməsini tələb etməsi də Tbilisiyə əlavə sıxıntı yaşadıb.

Gürcüstan artıq Qərbin vədlərinə inanmır, daha dəqiq desək, Qərbdən hərəkətə keçməsini istəyib. Gürcüstanın qəbul etdiyi anti-Qərb qanunlar, o cümlədən Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri rəsmi Tbilisinin ciddi olduğunu göstərir.

Gürcüstan geosiyasi oriyentasiyası ilə bağlı qərar verəcək

Moldovanın ardınca Gürcüstan vətəndaşları da öz geosiyasi seçimini edəcəklər, burada oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri üçün hər şey hazırdır. Bazar ertəsi Gürcüstanın baş naziri İrakli Kobaxidze təəssüf etmədən bəyan edib ki, Moldova “demokratiya üçün vahid sınaqdan” keçməyib, lakin Tbilisidən fərqli olaraq, Qərb bunu praktiki olaraq tənqid etmir. Bu arada gürcü müxalifətçiləri əmindirlər ki, hakim Gürcü Arzusu (GA) ilə bağlı bütün tənqidlər tamamilə haqlıdır. Eyni zamanda, onlar artıq qələbə qazanacaqları təqdirdə ilk hərəkətləri razılaşdırıblar. Prioritet Brüsselin tələb etdiyi islahatları həyata keçirəcək və uğurlu olacağı təqdirdə Gürcüstanı Aİ-yə yaxınlaşdıracaq texnokratlardan ibarət koalisiya hökumətinin yaradılmasıdır.
“Biz hamımız Moldovada seçkiləri izlədik və demokratiyanın bir sınağından da keçmədik. Seçkilərdən əvvəl prezidentliyə namizədlər bir-birinin ardınca yarışmadan uzaqlaşdırıldı. Və belə seçkilərin keçirilməsindən sonra qərblilər Moldovanı Gürcüstana örnək göstərirlər”, – Gürcüstanın baş naziri İrakli Kobaxidze Moldovanın Avropaya inteqrasiyası üçün hazırda daha bariz perspektivlərə toxunarkən qəzəbini gizlətməyib. “Xatırlatmaq istərdim ki, Moldova MDB-nin üzvü olaraq qalır və əhalisinin yarıdan çoxu, hətta daha çoxu Avropaya inteqrasiyanın əleyhinədir. Moldovanın namizəd statusuna, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara layiq olduğunu, gürcü xalqının və hakimiyyətinin isə buna layiq olmadığını bəyan etməklə gözümüzə toz tökürlər. Bu, ayıbdır”, - deyə cənab Kobaxidze bildirib. Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze də eyni fikri bildirib: “Təsəvvür edin ki, yalan üzərində çox şey yarananda və Avropa adına əhaliyə yalan danışılanda belə nəticələr alınır. Biz məhz bundan qoruyuruq”.

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərdə mübarizənin Moldovadakından heç də az olmadığı gözlənilir. Moldova məsələsində olduğu kimi, nəticələr də müxtəlif növ qadağan olunmuş üsullardan istifadə ittihamları olmadan olmayacaq. Mamuka Mdinaradze bildirib ki, hakimiyyət müxalifətin “bir neçə seçki məntəqəsində ən azı elementar pozuntulara və manipulyasiyalara cəlb etmək üçün seçki prosesinə daxil olan xeyli sayda insanları şantaj etməyi və ya rüşvət almağı” planlaşdırdığı barədə məlumatlara malikdir. Məqsəd onların təhrik etdikləri qanun pozuntularını lentə almaq və seçkilərlə bağlı mənfi rəy yaratmaqdır. Həmçinin siyasətçinin sözlərinə görə, müxalifət seçki məntəqələrinin işçilərini eyni tipli şikayətlərlə sıxışdırmaq, Mərkəzi Seçki Komissiyasının rabitə kanallarını həddən artıq yükləmək, məntəqə komissiyalarının partiya üzvlərinin funksiyalarını yerinə yetirməkdən kütləvi şəkildə imtina etmək, səsvermə zamanı süni növbələr yaratmaq, stansiyaları, elektron səs sayma maşınlarını zədələməyə və “karuselləri” təqlid etmək niyyətindədir.

Müxalifət də öz növbəsində iqtidarı haqsız oyunda ittiham etməkdə davam edir, lakin eyni zamanda, görünür, onlar mütləq qələbə çalmaqda qərarlıdırlar. Yada salaq ki, “Gürcü arzusu”na müxalifətin dörd böyük koalisiyası qarşı çıxır: eks-prezident Mixail Saakaşvilinin “Birlik” (“Vahid Milli Hərəkat”, “Strategiya Qurucusu” “Avropa Gürcüstanı”), bankir Mamukanın “Güclü Gürcüstan”, Xazaradzenin (“Lelo” partiyası, “Xalq Naminə” və “Azadlıq Meydanı” ictimai hərəkatı), media meneceri Nika Qvaramiyanın “Dəyişiklik üçün Koalisiya” (“Axali”, “Girçi”, “Droa” partiyaları), həmçinin keçmiş baş nazir Giorgi Qaxaria tərəfindən yaradılan “Gürcüstan Uğrunda”.

Bu dörd koalisiya Brüsselin tələb etdiyi institusional islahatları həyata keçirəcək və bununla da Aİ-yə üzvlük danışıqlarının başlanmasını təmin edəcək “texniki hökumət” yaratmağa razılaşıb ki sonra, yəni 2025-ci ildə ölkədə yeni parlament seçkiləri keçirilsin. Avropaya inteqrasiya tərəfdarları bazar günü, oktyabrın 20-də öz güclərini nümayiş etdirdilər. Tbilisinin Azadlıq Meydanında “Gürcüstan Avropa İttifaqını seçir” şüarı altında minlərlə insanın iştirakı ilə mitinq keçirildi. Gürcüstan və Avropa bayraqları ilə meydana çıxan nümayişçiləri pəncərələrdən və eyvanlardan Cənubi Qafqaz ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara dərhal başlanmasının tərəfdarı olan hər kəs qarşılayıb. Xatırladaq ki, Gürcüstanın hazırkı hakimiyyət orqanları xarici agentlər, həmçinin “ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların qorunması haqqında” qanunlar qəbul etdikdən sonra bu proses Brüsselin qərarı ilə dayandırılıb.

Azadlıq Meydanı Gürcüstan siyasətində əlamətdar yer

2003-cü ilin noyabrında Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Qızılgül İnqilabı” buradan başlayıb. Həmin hadisələrin fəal iştirakçısı, sovet dövrünün dissidenti Levan Berdzenişvili deyib: “Əgər hakim partiya seçkilərin nəticələrini saxtalaşdırmağa cəsarət etsə, xalqın dinc, zorakılıqsız, silahsız, qansız qiyam hüququ olacaq”. Deməli, istənilən halda, ya da kiminsə təhriki ilə avropapərəstlərlə, rusiyapərəstlər arasında qanlı toqquşmalar ola bilər. Mitinqdə müxalifət liderlərinin özləri çıxış etməyiblər. Əvəzində tanınmış şairlər, aktyorlar, müğənnilər tamaşaçılara müraciət ediblər. Onlar vətəndaşları seçki məntəqələrinə gedib “dörd Avropayönlü partiyadan hər hansı birinə” səs verməyə çağırıblar. Siyasətçilər isə səhnənin arxasında dayanaraq aksiyanın uğurlu alındığını bildiriblər.

Maraqlıdır ki, gələcək koalisiyanın dörd üzvündən üçü Mixail Saakaşvilinin hər hansı səlahiyyətlə hakimiyyətə qayıdışı imkanını belə nəzərdən keçirmir. Keçmiş baş nazir Qaxariyanın “Gürcüstan naminə” hərəkatı isə hətta eks-prezidentin həbsdən azad olunmasının əleyhinədir. Koalisiya hökumətində baş nazir postuna real namizəd hazırkı prezident Salome Zurabişvilidir.

“Gürcü arzusu”nun isə xanım Zurabişvili üçün başqa planları var. Bazar ertəsi məlum olub ki, parlament çoxluğundan olan deputatlar prezidentin ölkənin əsas qanunlarını pozması (hökumət icazəsi olmadan xaricə səfərlərə gedib) barədə Konstitusiya Məhkəməsinə şikayət vermək üçün lazım olan imzaları toplayıblar. Bununla bağlı baş nazir Kobaxidze bəyan edib ki, Salome Zurabişvili öz postunu planlaşdırıldığı kimi deyil, məhkəmənin qərarı ilə - vəzifədən uzaqlaşdırılan prezident kimi tərk etməlidir.

Ən sonda

Gürcüstan mühüm inkişaf mərhələsini yaşayır. Gürcüstan siyasətində yavaş-yavaş, ağrılı, amma yenə də məsuliyyət kimi məcburi prinsip kök salır. Daxildə və xaricdə hər kəs öz çağırışlarının, qərarlarının və bəyanatlarının nəyə gətirib çıxara biləcəyini anlamalı və məsuliyyət daşımalıdır. Moldovada bəyənilməyən işi Gürcüstanda etmək bu ölkəni məhvə sürükləməkdir.

V.VƏLİYEV