“Ermənistanın düşdüyü bataqlıq daha da dərinləşəcək” - ŞƏRH OLUNDU

22 Oktyabr 2024 17:54 (UTC+04:00)

“Nikol Paşinyan müstəqil xarici siyasət həyata keçirmədiyinə görə, onun hansısa addımlar atmasını proqnozlaşdırmaq mümkünsüzdür. Ötən həftənin sonu Ermənistanda ictimai rəy sorğusu keçirildi. Burada Paşinyanan inanan, güvənən insanların sayı heç 20 faizə yaxınlaşmırdı. Bu onu göstərir ki, heç Ermənistan cəmiyyətinin özü baş nazirinə hansısa səviyyədə inama və etibara malik deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Nikol Paşinyanın xarici siyasət kursunda özünün qərar qəbul etmək şansı yoxdur: “Ancaq xaricdə olan bəlli dairələr və havadarlarının təlimatları ilə hərəkət edir. Belə bir adamdan hansısa rasional və ciddi addımlar gözləyə bilmərik.
Digər tərəfdən Ermənistan baş naziri mənəvi dəyərlərini və keyfiyyətini itirmiş adamdır və insan olaraq da sözünün üstündə durmayan, aldığı qərarların hesabını verə bilməyən adamdır. Azərbaycanın Ermənistanla sülhlə bağlı konkret mövqeyi var. Biz dövlət olaraq iradə nümayiş etdirmişik. İndi isə Ermənistan rasional qərar qəbul etməlidir, Azərbaycan tərəfindən uzadılan sülh əlini sıxmalıdır. Bunlar olacağı təqdirdə Azərbaycanla Ermənistan arasında sülhün reallaşması üçün ciddi kimi görünən maneələr aradan qalxmış olacaq. Əksi olacağı təqdirdə isə Ermənistanın düşdüyü bataqlıq daha da dərinləşəcək”.