Dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

22 Oktyabr 2024 16:25 (UTC+04:00)

Bərdə rayonunun Heydər Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs İbişov İlkin Ənvər oğluna məxsus dönərxanada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına, qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.

Belə ki, iaşə obyektinin təmirsiz olduğu, qabaqcıl gigiyena təcrübəsi, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək tərzdə saxlanmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.