Aqrar Sığorta Fondu Türkiyədə TARSİM-in təcrübəsini öyrənir

22 Oktyabr 2024 15:26 (UTC+04:00)

Aqrar Sığorta Fondunun nümayəndə heyəti Azərbaycanda aqrar sığorta mexanizminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə Türkiyə təcrübəsinin və yeniliklərin öyrənilməsi məqsədilə Türkiyədə səfərdədir. Fonddan SİA-ya bildirilib ki, İdarə heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişovanın rəhbərlik etdiyi heyət qardaş ölkədə kənd təsərrüfatının sığortalanmasını həyata keçirən Tarım Sığortaları Sistemi - TARSİM təşkilatında görüşlər keçirib.

Görüş zamanı kənd təsərrüfatı bitkilərinin sığortalanması ilə bağlı müzakirələr aparılıb, bu sahədə TARSİM təcrübəsinin öyrənilməsi diqqət mərkəzində olub.

Tərəflər aqrar sığorta müqavilələrinin bağlanması, sığorta hadisələrinin tənzimlənməsi, sığorta ödənişlərinin daha sürətli reallaşması, əkin sahələrinə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində müstəqil aqrar sığorta ekspertləri institutunun təkmilləşdirilməsi, ekspertlərlə işin qurulması, ekspertlərin göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət məsələlər də müzakirə olunub.

Müzakirələr zamanı sığorta hadisələrinin araşdırılması və tənzimlənməsi prosesində istifadə olunan proseduraların bir hissəsi Türkiyədə elektronlaşdırılıb. Türkiyədə bəzi proseslər, o cümlədən təbiət hadisələrinin araşdırılması üzrə meteoroloji məlumatlar onlayn qaydada izlənilir və bu məlumatların alınması canlı rejimdə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən fəaliyyətə başlayan və dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi Türkiyə Respublikasının TARSİM-in təcrübəsi və dəstəyi ilə yaradılıb.

Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür ki, bu da ölkə üzrə əkin sahələrinin 96 faizini əhatə edir.

Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər. Aqrar sığorta əkin sahələrini təbii fəlakətlər, dolu, qasırğa, fırtına, leysan yağışları, 3-cü şəxslərin hərəkəti, yanğın, vəhşi heyvanların hücumu və sair risklərdən sığortalayır.

Aqrar sığortadan faydalanan fermerlərin sayı sürətlə artır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 10 milyon manatı keçib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin Fondun “Çağrı Mərkəzinə” (1651) zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.