Prokurorluğa qulluğa qəbulla bağlı müsabiqənin növbəti mərhələsi keçiriləcək

22 Oktyabr 2024 12:08 (UTC+04:00)

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi noyabrın 4-də keçiriləcək. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 4 noyabr 2024-cü il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcəkdir.

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.