Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli iftixarıdır

21 Oktyabr 2024 20:47 (UTC+04:00)

Bəşəriyyətin çoxəsrlik zəngin təcrübəsi sübuta yetirmişdir ki, iki vacib sahəyə - elmə və təhsilə lazımi dəyər verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin davamlı inkişafını da təmin etmiş olurlar. Elmə və təhsilə dövlət büdcəsindən yetərincə böyük həcmdə vəsait ayıran dövlətlərdə bütün sahələrin - iqtisadiyyat, mədəniyyət, səhiyyə və digər sahələrin intensiv inkişafı müşahidə olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həyata keçirdiyi mühüm tədbirlərdən biri ölkədə dünyəvi ali məktəbin yaradılması olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü professor İradə Hüseynovanın “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli iftixarıdır” məqaləsində yer alıb.

Məqalədə 1919-cu il sentyabrın 1-də Cümhuriyyət parlamentinin Bakıda ilk universitetin yaradılması barədə tarixi qərar qəbul etdiyi vurğulanır, ali məktəbin ilk rektorunun professor V.İ.Razumovski olduğu bildirilir.

Professor İradə Hüseynova məqalədə diqqətə çatdırır ki, cəmi 23 ay yaşayan Cümhuriyyətin süqutundan sonra universitet də bolşeviklərin nəzarəti altına keçdi. Artıq 1920-ci il mayın 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin rektor V.İ.Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi: “Bütün tələbələrin və müəllimlərin nəzərinə çatdırın ki, Xalq Maarif Komissarlığında universiteti genişləndirmək və onu sosialist əmək quruluşunun vəzifələrinə uyğun ruhda yenidən təşkil etmək layihəsi hazırlanır. Əsl elm və elmi biliklər proqramına hər hansı başqa hakimiyyətdən daha çox fəhlə-kəndli hakimiyyətinin marağı vardır. Buna görə də o, var qüvvə ilə çalışacaqdır ki, universitet lazımi səviyyədə olsun”. Sərəncamda həmçinin Sovet Rusiyası ilə əlaqə yaradılacağı, oradan müəllimlərin dəvət olunacağı da bildirilirdi. Təzyiqlər universitetin rektoru V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi.

“Qeyd etmək istərdim ki, həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Davidenkov rektor təyin edildi. Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhsilin türk (Azərbaycan) dilində də aparılması barədə qərar qəbul etdi. Artıq 1921-1922-ci tədris ilindən xüsusilə humanitar fakültələrdə dərslərin müəyyən hissəsinin Azərbaycan dilində keçirilməsinə başlanıldı”, - deyə məqalədə bildirilir.

Professor İradə Hüseynova yazır ki, 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi qeyd edilərkən Ümummilli Lider Heydər Əliyev bu tarixi əhəmiyyətli hadisənin böyük önəmini vurğulayıb, universitetdə dərslərin doğma Azərbaycan dilində keçirilməsinin prioritet istiqamət olduğunu deyib: “Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür...

Azərbaycanda milli azadlıq hərəkatının yaranması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhriflərdən qorunması, əsrlərdən-əsrlərə xalqımızın böyük mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması – bunlar hamısı XX əsrdə alimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahədə Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür”

Məqalədə vurğulanır ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi və yüksəliş dövrü xalqımızın Ümummilli Lideri, bu ali təhsil ocağının Tarix fakültəsinin görkəmli məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 1969-cu ildə universitetin 50 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı və yubileydəki çıxışı tarixi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 1969-cu ildə müəyyən insanlar Azərbaycan tarixini saxtalaşdıraraq, bu universitetin açılmasını respublikamızda sovet hakimiyyətinin qurulmasının nəticəsi kimi qələmə verməyə çalışırdılar. Onlar müxtəlif bəhanələr gətirərək, universitetin 50 illik yubileyini bir il təxirə salmaq və növbəti ildə - 1970-ci ildə, yəni Azərbaycanda sovet hakimiyyətinin qurulmasının yubileyi ilə bir vaxtda qeyd etmək istəyirdilər. Ümummilli Lider buna kəskin etiraz edərək yubileyi məhz 1969-cu ildə keçirmişdi. Bu isə universitetin məhz sovet hakimiyyətindən əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmasının rəsmi etirafı demək idi. Dahi rəhbər həmin tədbirdə Azərbaycan dilində çıxış etmişdi. Bu isə respublikada böyük heyranlıqla qarşılanmışdı. Onun bu çıxışı universitetin bütün kollektivini vəcdə gətirmiş, hamının hədsiz sevincinə səbəb olmuşdu. Ulu Öndər həmin tarixi hadisəni yada salaraq deyirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir... Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər”.

O zaman universitetin bir çox işçisi fəxri adlara, dövlət və hökumət mükafatlarına layiq görülmüşdü. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibətilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi.

Ulu Öndər Heydər Əliyevin bilavasitə qayğısı sayəsində universitetin maddi-texniki bazası möhkəmlənmiş, yeni tədris korpusu istifadəyə verilmiş, hesablama mərkəzi yaradılmış, yeni fakültələr, ixtisaslar, elmi-tədqiqat laboratoriyaları açılmış, tədris və elmi-tədqiqat laboratoriyaları üçün qiymətli avadanlıqlar alınmışdı.

Dahi rəhbərin təşəbbüsü və qayğısı nəticəsində ötən yüzilliyin 70-ci illərində universitet Asiya, Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələri üçün yüksək səviyyəli mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrilmişdi.

Ümummilli Lider Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə də Bakı Dövlət Universitetinə xüsusi diqqət və qayğı göstərib, bu elm məbədinin bütün yubiley tədbirlərində yaxından iştirak edib.

1994-cü ildə Bakı Dövlət Universitetinin yaradılmasının 75 ili tamam oldu. Yubiley mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Ulu Öndər qeyd edirdi ki, “...keçmişdə tariximizi yazarkən bəzən o tərəfə, ya da bu tərəfə əyilirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmləkətimizin, öz taleyimizin sahibi olduğumuz halda, müstəqil siyasət apardığımız halda, gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin 50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma, təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli, düzgün yazmaq üçün indi ən gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir. Azərbaycan Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə də bunu təhrif etmək olmaz”. Heydər Əliyev deyirdi: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...”.

Beş il sonra – 1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə universitet kollektivinə göndərdiyi təbrik məktubunda Ulu Öndər Heydər Əliyev yazırdı: “Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”.

Yubiley mərasimində iştirak edən Ulu Öndər universitetin Azərbaycanın təhsil sistemində və cəmiyyətimizdə xüsusi yerə malik olduğunu bir daha vurğuladı.

Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr İlham Əliyevin parlaq fəaliyyəti və prezidentliyinin uğurlu illəri kimi yadda qalacaq. 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olmuşuq. Heydər Əliyev ideyalarına hər sahədə sadiqliyini sübuta yetirən Prezident İlham Əliyev də Bakı Dövlət Universitetinə həmişə xüsusi həssas münasibət bəsləyib.

Dövlətimizin başçısı 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi olduğunu bildirdi: “1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır”.

Nəhayət, 2019-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 100 ili tamam oldu. Prezident İlham Əliyev yubiley mərasimində çıxış edərək, bu müqəddəs ali təhsil məbədinə layiqli qiymətini verib: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir”.

Bu gün Azərbaycanın aparıcı ali məktəbi olan Bakı Dövlət Universiteti dövlətimizin milli təhsil konsepsiyasının, milli ideologiyamızın həyata keçirilməsində mühüm rol oynayır. Dövlətimizin diqqət və qayğısı sayəsində BDU-nun ölkədə olan nüfuzu, həmçinin beynəlxalq şöhrəti gün-gündən artır. Əminik ki, universitetimiz təhsildə və elmdə uğurlar qazanmaqla şərəfli tariximizə öz töhfəsini verməkdə davam edəcək, dövlətimizin güclənməsində, nüfuzunun artmasında və daha da inkişaf etməsində yaxından iştirak edəcək.