ABU TV Musiqi Festivalı İstanbulda

21 Oktyabr 2024 22:43 (UTC+04:00)

Asiyanın səsləri “13-cü ABU TV Musiqi Festivalı”nda bir araya gəldi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “13-cü ABU TV Musiqi Festivalı" İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirildi.

Türkiyə Radio Televiziya Qurumunun verdiyi məlumata görə, festival Asiya-Sakit Okean Yayım Birliyi (ABU) və TRT-nin əməkdaşlığı ilə "Süni intellekt, yayım və cəmiyyət" mövzusu altında hazırlanan 61-ci ABU İllik Assambleyası və əlaqəli iclasları çərçivəsində təşkil edilib.

Asiya-Sakit Okean bölgəsinin mədəni zənginliklərini nümayiş etdirməyi hədəfləyən tədbir 11 ölkənin sənətçilərini eyni səhnədə bir araya gətirdi.

Türkiyəni təmsil edən Sinan Akçılın səhnəyə çıxdığı festivalda Türkmənistanı Şatlık Qurbannazarov, Özbəkistanı Bek Milliy Sözlər Ansamblı, Yaponiyanı Yoko Takahaşi, Çini Şan Yiçun, Çinin Hong Konq bölgəsini German Ku, Makao bölgəsini Elisa Çan, Hindistanı Hemant Brijvasi, Malayziyanı Khai Bahar, Cənubi Koreyanı Li Mu Jin, İndoneziyanı Silet Open Up təmsil etdi.

Proqram “TRT Müzik” kanalında canlı yayımlandı. Möhtəşəm işıq şouları ilə yanaşı Asiyanın mədəni zənginliklərini təsvir edən videoların da tamaşaçılara təqdim olunduğu tədbirdə iştirakçılar paylanan işıqlı qolbaqlarla performanslara dəstək oldular.

Tədbirdə TRT Baş Direktoru və eyni zamanda ABU prezidenti Mehmet Zahid Sobacı ilə yanaşı sənət dünyasından bir çox tanınmış şəxs də iştirak etdi.