"Bu müharibənin yaratdığı geosiyasi problemlərlə üz-üzəyik..."

21 Oktyabr 2024 17:46 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ölkəsilə Ukrayna arasında çoxşaxəli əməkdaşlığın günbəgün gücləndiyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ankarada ukraynalı həmkarı Andrii Sibiha ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən H.Fidan deyib: “Türkiyə ilə Ukrayna arasındakı əlaqələr möhkəm addımlarla irəliləyir.

Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi çətinliklərlə üz-üzəyik. Buna baxmayaraq, Ukrayna ilə çoxölçülü əməkdaşlığımız günbəgün güclənir.

Krımın da daxil olduğu Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Müharibənin beynəlxalq hüquq əsasında və danışıqlar yolu ilə həllinə cəhdlər davam edir.

Türkiyə ilə Ukrayna arasında 2011-ci ildə imzalanan Azad Ticarət Sazişinin Türkiyədə təsdiqlənməsi prosesi tamamlanıb. Ukraynadakı prosesin tamamlanması ilə inşallah iqtisadi əməkdaşlığımızı institusional olaraq daha da irəli aparacağıq.

Ukraynanın yenidən qurulmasını da hərtərəfli müzakirə etdik.

Türkiyə podrat şirkətləri Ukraynada lider mövqedədir.

Müzakirə olunan məsələlər arasında enerji mövzusu da var. Həmçinin Ukraynanın enerji təhlükəsizliyini gücləndirəcək layihələri də müzakirə etdik.

Türkiyə ilə Ukraynanı təkcə coğrafi yaxınlıq deyil, həm də ortaq tarix birləşdirir. Krım tatarları bu ümumi tarixin bir hissəsidir. Ukrayna prezidenti cənab Volodimir Zelenski başda olmaqla, Ukrayna hökuməti Krım tatarlarının hüquqlarını möhkəmləndirmək üçün təqdirəlayiq hüquqi tənzimləmələr edib. Əminik, bu istiqamətdə əlavə addımlar atılacaq”.