Evlilik öncəsi psixoloji yoxlanış vacibdir? - AYDINLIQ GƏTİRİLDİ

21 Oktyabr 2024 16:46 (UTC+04:00)

“İlk növbədə bildirmək lazımdır ki, evlilikdə yaş meyarı, fərdlər arasındakı yaş fərqləri, onların psixoloji vəziyyətləri və s. evlilikdə, bu münasibətin sağlam irəliləməsində böyük rolu var. Mental dəyərlərimizə əsasən çox zaman kişi qadından ən azı 3-4 yaş böyük olması arzuolunan haldır. Ancaq, əslində burada insanın fizioloji yaşı ilə bərabər, psixoloji yaşı əsas faktor kimi götürülməlidir. Digər nöqteyi-nəzərdən yanaşsaq evlilikdə insanın psixoloji yaşı ilə bərabər emosional, intellektual yaşı da vacib məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, yetkinlik yaşına çatmayan biri ilə münasibətə girmək, “evlənmək” bu qanun çərçivəsində də doğru hal hesab edilmir. Burada istər yeniyetmənin, istərsə də özündən yaşca böyük olan kişinin psixoloji vəziyyəti yoxlanmalı və müəyinədən keçməlidirlər.

Günümüzdə “Evləndikdən bir müddət sonra həyat yoldaşım çox dəyişdi” və ya “nişanlı vaxtı etdiyi ilə evləndikdən sonra etdikləri arasında çox fərq var” deyənlərin sayı kifayət qədərdir. Əlbəttə, bunlar doğru ola bilir. Əgər evlilikdə çox dəyişən insan varsa, o dəyişməyib deməkdir. Yəni əslində hər zaman elə imiş və qarşı tərəfə o tərəfini göstərmirmiş deməkdir. Evlənəndən sonra isə bu gizlətdiyi xisləti yavaş-yavaş ortaya çıxır. Elə insanlar var ki, nişanlılıq vaxtındakı ilə evlilik vaxtları arasında çox fərq var. Sanki insan dəyişir və başqasına çevrilir. Bu həmin insanların nə qədər peşəkar bir yalançı olmaqlarını göstərir.

Evliklikdə qadın-kişi arasındakı münasibət yaxşı olmadıqda, davamlı konfliktlər yaşandıqda bu təbii ki uşağa da təsir edir. Həmçinin qadın hamilədirsə, bu riskli hamiləlik deməkdir. Təsadüfü deyil ki, bu gün uşaqlarda rastlaşdığımız istər psixoloji, istərsə də digər problemlərin çoxu riskli hamiləliklər, hamiləlik zamanı yaşanan stess və çətinliklərlə bağlıdır. Ona görə də uşağı müayinəyə gətirərkən valideynlərin evlilik dönəminin necə keçməsi, xüsusilə ananın hamiləliyinin necə keçməsi mütəxəssis tərəfindən öyrənilməlidir. Buna görə də evlilik öncəsi psixoloji yoxlanış vacib məsələlərdəndir. Belə ki, insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biridir”.