Prezident baş konsulu geri çağırdı

21 Oktyabr 2024 16:06 (UTC+04:00)

Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sultan Qasımov 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1976-1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb. 1981-2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

Diplomat 2009-2016-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində işləyib. 3 may 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var.

09 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Evlidir, qız övladı var.