“COP29-la bağlı görülən işlər son tamamlanma mərhələsindədir” - MÜNASİBƏT BİLDİRİLDİ

21 Oktyabr 2024 11:14 (UTC+04:00)

“Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti cənabİlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, 2024-cü ilin 11-22 noyabr tarixlərində ölkəmizdə çox əhəmiyyətli beynəlxalq tədbir - COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı)konfransı keçiriləcək: “Bu tədbir həm öz əhatə dairəsinə, həm iştirak edəcək qonaqların sayına, ehtiva etdiyi məsələlərin əhəmiyyətinə görə çox böyük nüfuzlu tədbir olaraq dəyərləndirilir. Belə mötəbər tədbirə ev sahibliyi etməsi üçün etimad göstərilməsi Azərbaycanın nüfuzunu, gücünü, qüdrətini ortaya qoyur. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq 2023-cü ilin dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin imzaladığı Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Prezident cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030:Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib.Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Buna görə də Azərbaycan ev sahibliyi edəcəyi bu toplantıda düşünürük ki, bir daha nüfuzunu, əhəmiyyətini nümayiş etdirə biləcəkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də,beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Əldə olunan şanlı Zəfərlər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul edilib və təqdirlə qarşılanıb. Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər iki amilə malik azsaylı dünya ölkələrindən biridir.

Paytaxtımız COP29 kimi nüfuzlu tədbirə ciddi hazırlaşır, şəhərdə genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Hazırda paytaxtımızda küçə və prospektlər, yollar, yaşayış və inzibati binaların fasadları, dam örtükləri, eyvanlar təmir edilir, rənglənir, səki kənarlarına yeni bardürlər quraşdırılır, yol kənarlarına dekorativ daş döşənir. Sadalananlarla yanaşı, köhnə parklar yenilənir, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun dizaynda yenidən qurulur, müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılır, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarələr abadlaşdırılır, istirahət guşələrində güllər və həmişəyaşıl kollar əkilir.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq tapşırığı ilə Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevcari ilin oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır. Prezidentcənab İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib. Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub. Ölkə rəhbəri tərəfindən Media Mərkəzinə də baxış keçirilib. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Konfransın işıqlandırılması üçün bugünə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib. Ölkə rəhbəri tərəfindən görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Bildirək ki, cari ilin ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.

COP29-a ev sahibliyi etmək qərarı Bakının iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyidir. Artıq COP29-un başlamasına qısa bir zaman qalıb. Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcək.

Göründüyü kimi, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyimiz göstərir ki, daha əvvəl də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün COP29 növbəti mərhələ olacaq. Bu mərhələ bütün dünyaya bir daha Azərbaycanın nüfuzlu beynəlxalq simasını, bu istiqamətdə verdiyi yüksək səviyyəli dəyərlərin nümayişinə çevriləcəkdir”.