"Prezident özü şəxsən belə həssas yanaşma sərgiləyir" - MÜNASİBƏT BİLDİRİLDİ

21 Oktyabr 2024 10:22 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyev Cop29 kimi irihəcmli tədbirlərin keçirilməsini özü şəxsən nəzarətdə saxlayır, çünki başqa cür ola da bilməz". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bütövlükdə Azərbaycan dövləti bu məsələlərə görə məsuliyyət daşıyır: "Əlbəttə ki, onun rəhbəri olaraq Prezident İlham Əliyevin də bunları diqqətdən kənar qoyması mümkün deyil. Prezidentimiz bütün proseslərdə iştirak edir. Ən aşağıdan ən yuxarıya qədər bütün məsələlər barədə həm məlumatlandırılır, həm özünün tapşırıqlarını, göstərişlərini verir, həm də müəyyən məsələlərin həllini birbaşa öz üzərinə götürür. Elə bir mexanizm qurulub ki, bu keçirilən və keçiriləcək tədbirlər hər hansı çatışmazlıqla müşayiət olunmasın. O baxımdan Prezident İlham Əliyev özü şəxsən belə həssas yanaşma sərgiləyir. Bütün bunlar Azərbaycan dövlətinin və onun rəhbərinin məsələlərə məsuliyyətli yanaşmasının göstəricisidir".

Onun sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı geniş müzakirələrin aparılması və müzakirələrin mərkəzində yenə də Azərbaycanın olması COP29-u daha da əhəmiyyətli edir: "Qeyd etmək lazımdır ki, bir qayda olaraq COP tədbirlərinə dövlət rəhbərləri, Baş nazirlər və ən yüksək vəzifəli şəxslər gəlir. Belə ki, bu il COP29-a ev sahibliyi edən Azərbaycana dünyanın ən aparıcı dövlət rəhbərləri gələcək və onlar paytaxt Bakıda bir araya toplaşacaqlar. Bütün bunlar dövlət olaraq bizim üçün əlavə dividentlər deməkdir. Həmçinin konfrans çərçivəsində mühüm sənədlər qəbul ediləcək və həmin sənədlər birbaşa Azərbaycanın, Bakının adı ilə assosiasiya olunacaq. Yəni, məhz “Bakı sənədi” və ya “Azərbaycan sənədi” adı ilə qeyd olunaraq, tarixə keçəcək. Bunun özü də Azərbaycanın dünyada tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə COP29 Azərbaycan üçün yeni imkanlar açılması baxımından da olduqca əhəmiyyətlidir. Hesab edirik ki, biz bu konfransı da ən yüksək səviyyədə keçirəcək və dünyaya bir daha göstərəcəyik ki, balaca dövlət olmasına baxmayaraq, Azərbaycan ən böyük qlobal tədbirlərə layiqincə ev sahibliyi etməyi bacarır. Necə ki, bu vaxta qədər bacarmışıq, bu dəfə də ustalıqla bu işin öhdəsindən gələcəyik".