“Gürcüstanda seçkiöncəsi sivil dialoq mühiti mövcuddur“ - ŞƏRH OLUNDU

21 Oktyabr 2024 10:10 (UTC+04:00)

“Gürcüstanda seçkiöncəsi mübarizə sivil müstəvidə aparılır, dünən müxalifətin dinc şəkildə həyata keçirdiyi yürüşünün şahidi olduq. Ara-sıra müxalifət tərəfindən hökumətin əleyhinə sərt bəyanatların şahidi olsaq da, bunlar hələ ki, yalnız bəyanatlar səviyyəsindədir. Vətəndaş cəmiyyəti, ictimai fəallar seçki öncəsi dinc aksiyalarla iştirakını həyata keçirməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
O bildirib ki, daxildə demək olar ki, vəziyyət sabitdir, hökumət seçkilərə yaxşı hazırlaşır, bütün siyasi tərəflərlə öz mövqelərini nümayiş etdirmək üçün şərait yaradılıb, eyni zamanda hökumət qurumlarında da müəyyən islahatlar, yeni şəxslərin təyinatının şahidi oluruq, bu təbii ki, seçki qabağı hökumətin xalqdan daha çox dəstək almağına hesablanıb: “Lakin xaricdən biz ciddi müdaxilələrin şahidi oluruq. Xüsusən Avropa İttifaqı proseslərə müdaxilə etməyə çalışır, seçki öncəsi Gürcüstan hakimiyyətinə və cəmiyyətinə təzyiq göstərərək üzvlüyü dayandırdıqlarını bəyan etdilər. Bütün bunlar seçkiöncəsi Gürcüstan hökumətinə və cəmiyyətinə ciddi bir təzyiq metodu sayıla bilər. Çünki biz bilirik ki, Gürcüstan Avropa İttifaqı ilə uzun zamandır əməkdaşlıq edir, belə olan halda artıq Gürcüstanın Aİ strukturlarına inteqrasiyası prosesi dayandırılacaq, bunun isə indiki məqamda belə bir formada edilməsi bu ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə sayıla bilər.

Gözləmək olar ki, seçkidən sonra cəmiyyətdə fəallıq daha da artsın, əgər müxalifət istədiyinə nail olmayacaqsa küçə etirazları, mitinqlər və qarşıdurmalar qaçılmaz olacaq kimi görünür. Lakin bununla yanaşı, Gürcüstanda siyasi prosesləri müşahidə edən bir adam kimi deyə bilərəm ki, Gürcüstan hökuməti seçkiqabağı ölkədə kifayət qədər islahatlar həyata keçirir, sivil bir dialoq mühiti mövcuddur. Elə bir ciddi məhdudiyyətlər yoxdur ki, bunun nəticəsində ciddi bir etirazlar başlasın, çünki artıq hökumət bəyan edib ki, dövlət büdcəsindən QHT-lərə maliyyə ayrılacaq və dəstək göstəriləcək. Lakin burda ciddi bir ideoloji və siyasi fikir ayrılığı mövcuddur, həm də gürcü vətəndaş cəmiyyəti Qərbdən gələn milyonlarla qrant axınının dayandırılması ilə barışa bilmirlər, onlar üçün bu həm də böyük bir vəsaitin əldən çıxmasıdır”.