"Burun əməliyyatı etdirmək istəyən sabah dodağını, qaşını da dəyişir" - MÜSAHİBƏ/VİDEO

21 Oktyabr 2024 10:03 (UTC+04:00)

Plastik cərrah Ülviyyə Ağazadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Plastik əməliyyatlar insanların daha çox tibbi zərurətindən, fiziki ehtiyacından, yoxsa zamanın tələbindən qaynaqlanır? Bugünkü reallıq nədən ibarətdir?

- Hal-hazırda tibbi cəhətdən ehtiyac olmasa belə əməliyatlar dəb halını alıb. Pasientlər artıq trend olduğu üçün əməliyyatı seçirlər. Necə ki əməliyyatın özü trenddir, onun fərqli formada da trendi dəyişir. Məsələn, 5 il əvvəl fərqli formada burun etdirən pasient hal-hazırda əməliyyata gələrək burun formasını dəyişdirmək istəyir. Çünki artıq hər kəsin burun forması fərqlidir. Eyni şəkildə, əvvəllər daha təbii bədən quruluşlu xanımlara daha çox rast gəlirdiksə, indi əksinə. Yəni, təbii bədən quruluşlu xanıma çox nadir rastlanır. Hətta bir neçə dəfə bu yöndə əməliyyat olunan qadınlar var.

- Bu insanların bəhsə-bəhs prinsipindən irəli gəlir?

- Sözsüz ki, bu belədir. Çünki əvvəllər sosial şəbəkələr bu qədər geniş yayılmamışdı. Biz sadəcə məşhurları görürdük və deyirdik ki, ancaq onlar əməiyyat oluna bilər. Amma artıq sadə insanların belə bütün əməliyyatları olub. Hər kəs ideal gözəllik əldə etmək istəyir. Məsələn, bu gün burnunu əməliyyatı etdirmək istəyən sabah dodağını, qaşını da dəyişmək istəyir. Bu insanlar düşünürlər ki, təbii halları ilə ideal deyillər.

- Son zamanlar hansı prosedurlarla bağlı müraciət edənlərin sayı artıb?

- Son dövrlər ən çox etdiyim əməliyyatlar bədən şəkilləndirmə, badəmgöz və burun əməliyyatıdır. Bu əməliyyat çox gəncləşib və dəb halını alıb. Çünki əvvəllər yaşla əlaqədar xanımlar göz düşməsi ilə bağlı müraciət edirdilərsə, indi gənc qızlar da bunu etdirir. Mən gəncərə bunu etməməyi və bu barədə ətraflı düşünməyi tövsiyə edirəm. İstəmirəm sonra bunun peşmanlığını yaşasınlar.

- Bu əməliyyatlarda yaş və çəki məhdudiyyəti varmı?

- Sözsüz ki, var. Əməliyyatların demək olar çoxunda şəxs 18 yaşın üzərində olmalıdır. Bəzən əməliyyatlar 18 yaşın üzərində olsa belə pasientə uyğun deyil. Məsələn, üzgərmə 18 yaşlı birinə olunmaz. Bəzi əməliyyatlar da çox yaşlı pasientlərə olunmaz. Sümük və qığırdaq quruluşunun dəyişməsi ilə bağlı hər şey nəzərə alınır. Həmçinin, həddindən artıq çəkili pasientlər bədən şəkilləndirmə əməliyyatına uyğun deyil. Çünki bədən çəki indeksi ilə hesablanır, nahiyə ölçüsünə baxılır və əgər uyğun deyilsə, heç vaxt o pasienti əməliyyata almırıq. Çünki bu həm həyati riskdir, həm də onun görəcəyi effekt çox önəmlidir. Yəni, pasient beynində tutduğu ilə əməliyyata girib o nəticəni almazsa, xoşbəxt olmayacaq. Pasient nəticənin nə olacağını öncədən bilməlidir. Mən aşırı çəkili pasientləri mədəkiçiltmə əməliyyatına yönləndirirəm. Çünki onları öz əməliyyat üsulumla xoşbəxt edə bilmərəm.

- Bu kimi əməliyyatlarda ölüm riski nə qədərdir? Sizin təcrübənizdə belə bir hal olubmu?

- Mənim praktikamda belə bir hal heç vaxt olmayıb və inşallah da olmaz. Əməliyyat öncəsi protokola uyğun olaraq analiz paketi təqdim olunur. Biz analizin nəticəsinə əsasən əməliyyata qərar veririk. Olub ki, pasientin əməliyyat öncəsi analiz nəticələri uyğun olmayıb və biz onu əməliyyata almamışıq. Bu zaman bir riski önləmiş oluruq. Amma uyğun olsa belə yenə ağırlaşma ehtimalı var. Çünki əməliyyatdır və insan orqanizminin genetik o qədər bilinməyən xəstəlikləri var ki, biz prptokolla bu analizləri verdirmirik. Əgər pasientin özünün məlumatı varsa, əməliyyat öncəsi bunu araşdırırıq. Amma özünün məlumatı yoxdursa təəssüflər olsun ki, öncədən məlumatımız olmadığı üçün bunun ağırlaşmasını yaşaya bilirik. Bəzi pasientlər əməliyyat olmağı çox istədiyi üçün çox şeyi gizlədirlər. Amma şükürlər olsun ki, güclü komanda ilə ağırlaşmaların altından qalxmaq olur.

- Bir-iki kurs bitib özünə "həkim" adı verənlər var. Bu barədə nə düşünürsünüz?

- Bu hal-hazırda ölkəmizin ən böyük bəlasıdır. Çünki ATU-nu bitirməmiş adının önünə "həkim" sözünü əlavə edib bu işi görənlər var. Onların qurbanları hədsiz çoxdur. Onların açdıqları klinika gözəllik salonu kimi estetik mərkəzdir. Burada sterilizasiyadan söhbət gedə bilməz. Bir alətlə bir neçə pasienti əməliyyat edirlər. Nəticədə pasient bu "əməliyyat"dan sadəcə zədə alır. Dəfələrlə bu cür pasientləri əməliyyat və müalicə etmişəm. Bunu "İnstagram" səhifəmdə də sıx-sıx paylaşıram. İnsan canı bu qədər ucuz olmamalıdır.

- Sizin fikrinizcə peşəkar plastik cərrah kimdir?

- Azərbaycan Tibb Universitetini bitirmiş və bu iş üzrə ixtisaslaşmış biridir. Qanunlara əsasən tam sertifikatlı plastik cərrahlar peşəkar sayılır.

- Niyə xaricdə təhsil almış və qonaq qismində gəlmiş həkimlərə ölkəmizdə daha çox üz tutulur? Bu bizim həkimlərə inamsızlıqdan irəli gəlir, yoxsa necə?

- Düşünürəm ki, bu estetik cərrahiyədə azalıb. Çünki bu sahədə Azərbaycan çox irəliləyib. Bu sahədə bizim həkimlər artıq dünyada öz sözünü deyib. İnsanlarımız düşünür ki, həkim xaricidirsə, çox savadlıdır. Amma Azərbaycan tibbi və esteik cərrahiyəsi dünyada ən öndə gedənlərdəndir. Bunu müxtəlif ölkələrdə çalışmış həkim kimi deyirəm. Mən Almaniyada, Türkiyədə də çalışmışam. Başqa ölkələrdə bu iş bizim qədər zövqlə görülmür.

- Bizdə dünya ilə müqayisədə hansı texnoloji yeniliklər yoxdur?

- Son illər bizim sahədə hansı yeniliklər çıxırsa, hamısını Azərbaycana gətiririk. Bu dəqiqə plastik cərrahiyə sahəsində ən son model cihazlar var. Amma əvvəllər çox çətin idi. Hətta burun əməliyyatlarında çəkicdən istifadə edirdik.

- İnsanlar xarici görünüşə çox önəm verir. Hətta buna görə boşananlar da az deyil. Bu barədə fikriniz nədir?

- Mənim də belə pasientlərim var. Hansı ki, yoldaşı sırf qarın nahiyyəsi, yaxud burnu böyükdür deyə ondan ayrılıb. Bu sosial şəbəkələrin hər şeyi ideal təqdim etməyinə görədir. Bəylərə də bu təsir edir. Düşünürlər ki, "Mən niyə ideal xanıma sahib olmamalıyam?". Xanım da boşandıqdan sonra özünü dəyişir. Ağıllı kişilər öz xanımını əməliyyat etdirib istədiyi formaya salanlardır. Bəylər düşünməlidir ki, xanımlar onlar üçün övlad dünyaya gətirdikdən sonra bu formaya gəliblər.

- Qadınların kökəlməyə meyilli olmasının səbəbi nədir?

- Burada qidalanma və doğuş faktoru var. Bəzi əzələlər var ki, hamiləlik dönəmində boşalır. Dəridə qırışlar, çatlar yaranır. Amma bundan əlavə qidalanma da çox önəmlidir. Həmçinin passiv həyatın da burada rolu danılmazdır.

- Çökmüş burunun korreksiyası çətin prosedurdurmu?

- Bu heç də asan deyil. Çünki burun çökübsə, orada qırğırdaq və sümük nahiyəsinin bitişən yeri qopub deməkdir. Bunun bərpası üçün qabırğadan qığırdaq alınıb dəstək qoyulmalıdır.

- İnsanlar əməliyyat etdirib bir-birinə bənzəyirlər. Bu barədə nə düşünürsünüz?

- Son dönəmlər insanlar daha çox təbiiləşməyə can atır. Əvvəllər çox böyük bədən forması etdirən qadın indi onu kiçiltmək üçün müraciət edir.

- Burun estetiki əməliyyatlarının bir çoxundan sonra pasientlərdə nəfəs almada fısıltı yaranır. Bunun səbəbi nədir?

- Bu ödəmdəndir. Çünki ortada bir əməliyyat keçirilir və bu normaldır. Zamanla keçib gedir.

- Əndazəni aşan estetik dodaqlara yanaşmanız necədir?

- Buna yaxşı baxmıram. Səhifəmi izləyənlər də bilir ki, mən təbii estetikanın tərəfdarıyam. Amma pasient əndazədən kənar nəysə istəyirsə edirəm. Bununla yanaşı məsləhətimi də verirəm.

- Əməliyyatdan sonra xərçəng riskinin olması ortaya çıxa bilər?

- Bu birbaşa bizim əməliyyatla bağlı deyil. Əgər bir pasientin bədənində xərçəng hüceyrəsi varsa, bu bir gün üzə çıxacaq.

- Bəylər bu prosedurlarla bağlı müraciət edirlərmi?

- Onlar daha çox burun və yaş irəlilədikcə üst göz qapağının estetik cərrahiyəsi üçün müraciət edirlər. Bir də daha çox qarın nahiyəsinin liposaksiyasına görə üz tuturlar.

- Cinsiyyətini dəyişdirmək üçün müraciət edənlər varmı? Ölkəmizdə bu əməliyyatın tətbiqi baş tutub?

- Ölkəmizdə bu əməliyyat icra olunmur. Çünki qanunla qadağandır. Bu əməliyyatlar Türkiyədə olunur.

- İndiyə kimi yanınıza gələn ən gənc və ən yaşlı pasientinizin neçə yaşı olub?

- Ən gənc olan 15 yaşdır, rinoplastika etmişəm. Bu yaxınlarda 6 yaşlı uşağı da qulaq əməliyyatı etmişəm. Uşaq əməliyyatlarında çox həyəcan keçirirəm deyə çox üstünlük vermirəm. Ən yaşlı pasientim isə 63 yaşında olub və Amerikadan müraciət etmişdi. Covid-dən öncə xaricdən müraciət edənlər daha çox idi.

Ayşən Vəli