...“Türk dilinin sehirli dünyası” ilə qarşınızdayıq. Bu gün tarixi və etnik mənşəyinə görə Qırğız türkləri ilə əlaqəsi olmasına baxmayaraq, dil, din və mədəni baxımdan fərqlilik göstərən Fu-yü türkləri, dili və yaşadıqları ərazilərdən bəhs edəcəyik.
XX əsrin 50-ci illərində çinli araşdırmaçı və filoloq Hu Jenhua tərəfindən kəşf edilən, 1966-cı ildə Rusiyadan olan tatar əsilli filoloq, türkoloq Edhem Rahimoviç Tenişev vasitəsilə elmi dünyaya təqdim olunan Fu-yü türkləri bu gün Çin sərhədlərində yerləşən Mançuriya (Hei Long Jiang) bölgəsinin Fu-yü mahalının ətrafındakı kəndlərdə, əsasən Vujiazi və Qijiazi ərazilərində yaşayırlar. Onların təxmini sayı 1.000 ilə 2.000 nəfər arasında dəyişir.
Adlarını yaşadıqları yerdən alan bu xalqın həmin bölgəyə nə vaxt və necə gəlib yerləşdikləri ilə bağlı fərqli fikirlər mövcuddur. Bunların birinə görə, Fu-yü türklərinin dədə-babaları XVII əsrin ikinci yarısında Altay torpaqlarından köç edərək, Kinqan dağlarını aşaraq Çinin şimal bölgəsinə gəliblər. Başqa bir fikrə görə isə imperator Çen Lunq dövründə (1736-1796) indiki Sincan Uyğur Muxtar Bölgəsindən köç ediblər. Çinli araşdırmaçı Hu Jenhua bölgədəki monqolların Çen Lunq xanədanlığı dövründə indiki Monqolustan torpaqlarından gəldiyini, Fu-yü türklərinin isə eyni xanədanlığın 1761-ci ildə Cunqariyanı işğalından sonra Altaydan orduya götürülərək gətirildiyini qeyd edir. Digər Çin mənbələri isə Fu-yü türklərinin XIII əsrin sonunda Monqol imperatoru Kubilay xan dövründə (1214-1294) Yenisey bölgəsindən şimal-şərqi Çinin qərb bölgələrinə və Çiçikarın yaxınındakı bölgəyə gəlib yerləşdiklərini bildirir.
Fu-yü türkcəsinin kökü XVI və XVII əsrlərdəki Yenisey qırğızcasına dayanır. Yenisey qırğızcasının mənşəyi isə qədim qırğızların IX və XI əsrlərdəki dillərinə əsaslanır. Buna görə də bu dilə eyni zamanda Fu-yü qırğızcası deyilir. Çinin ucqar şərqində danışılan Fu-yü türkcəsi və ya qırğızcası bu gün Türküstan coğrafiyasında, əsasən Qırğızıstan Respublikasında danışılan dildən çox fərqlidir. Şamanizm və qismən Lama dininə mənsub olan Fu-yü türklərinin ana dili daha çox qədim qırğız dilinin izlərini daşıyan Xakas, Şor və Sarı Uyğurca ilə yaxınlıq göstərir.
Fu-yü türklərinin yaşlıları özlərinə “xırgıs”, “qırqıs”, gəncləri isə Çin dilinin təsiri ilə “tirtiz” deyirlər. Yerli monqollar isə onlara “circis” adını veriblər. Türk ləhcələrinin coğrafi və linqvistik əsaslara görə təsnifində Şimal-şərq və ya Sibir qrupunda yer alan Fu-yü türkcəsi bu gün işləkliyini itirib və 2000-ci illərdən etibarən bu dildə danışanların sayı xeyli azalıb. Buna görə də Fu-yü türkləri təhsildə Çin dilini, gündəlik həyatda isə əlavə olaraq Ölöt monqolcasını üstün tuturlar. UNESCO-nun 2010-cu il “Təhlükə altında olan dillərin qırmızı kitabı”nda “Yox olmaq üzrə olan dillər” kateqoriyasına daxil edilmişdir. Bir dili danışanların sayı çox az olduqda, onun yaşaması üçün təcili qoruma və dəstək tələb olunur.