Rusiyalı müğənni Liza Monetoçka axtarışa verilib

19 Oktyabr 2024 23:04 (UTC+04:00)

Rusiya Daxili İşlər Nazirliyi müharibə əleyhinə çıxış edən müğənni Liza Monetoçkanı (Elizaveta Qırdımova) axtarışa verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mediazona bu barədə məlumatı departamentin məlumat bazasında tapıb. …Deməli, sentyabr ayında məlum oldu ki, Monetoçka-ya qarşı “xarici agentlər” haqqında qanunu pozduğuna görə cinayət işi açılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi). Moskva prokurorluğu müğənniyə qarşı işin açılması zərurətini onunla əsaslandırıb ki, o, cərimələrə baxmayaraq, “xarici agentlər” reyestrində olduğunu göstərmədən sosial şəbəkələrdə material yaymaqda davam edir.

Rusiya Ədliyyə Nazirliyi onu 2023-cü ilin yanvarında bu siyahıya daxil edib. İdarədən bildirilib ki, bu qərarın səbəbi müğənninin “dost olmayan ölkəyə - Ukraynaya dəstək üçün vəsait toplaması” və “xüsusi hərbi əməliyyata qarşı çıxış etməsi” olub.

Monetoçka konsert elanlarında və videolarda “xarici agent” işarələrinin daxil edilməməsinə görə iki dəfə cərimələnib. Ümumilikdə Moskvanın Basmannı rayon məhkəməsi onu 60 min rubl (təxminən 630 dollar) cərimələyib.

Nazlı Almuradova