COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

19 Oktyabr 2024 15:20 (UTC+04:00)

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən monitorinqlər başa çatdırılıb. SİA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müvafiq avtomobillərin hərəkəti test edilib.

20-dən artıq avtomobil və 15 avtobusun cəlb edilməsi ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi reallaşdırılan monitorinq tədbirləri zamanı yol hərəkətinə məhdudiyyətlər tətbiq edilməyib.