”Bu iş həm şəxsi, həm də peşəkar həvəsimdir”

18 Oktyabr 2024 21:05 (UTC+04:00)

Kanadanın Ankarada olan Türkiyə, Azərbaycan və Gürcüstan üzrə səfiri Kevin Hamilton vaxtaşırı Bakıya səfər edir. “Minalarla mübarizə həm şəxsi, həm də peşəkar həvəsimdir” deyən səfir müsahibəsində Azərbaycanı “mina təsirinə məruz qalan ölkə” adlandıraraq hər səfərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) baş çəkdiyini bildirir.

- Cənab səfir, Azərbaycan ilə Kanada arasında mövcud diplomatik münasibətləri necə qiymətləndirirsiniz?

- Kanada Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb və ölkələr arasında diplomatik əlaqələr 1992-ci ilin avqustunda qurulub. Biz Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərini, ədalətli və daimi sülh sazişi üçün aparılan danışıqları dəstəkləyirik.

Azərbaycanda akkreditə olunmuş Kanadanın Türkiyədəki səfiri kimi mən vaxtaşırı ölkənizə səfər edərək hökumət rəsmiləri, QHT və digər qurum rnümayəndələrilə görüşlər keçirirəm.

- Səfir missiyasından əvvəl Azərbaycanda olmusunuzmu?

- 2013-2016-cı illər arasında Kanada Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Avrasiya ölkələri üzrə direktoru olmuşam. Mənim səlahiyyətim Türkiyə, Gürcüstan, Azərbaycan, Rusiya və Ukrayna kimi ölkələri əhatə edirdi. Bu müddətdə mən işlə əlaqədar bir neçə dəfə Bakıya getmişdim.

- Etimadnamənizin Azərbaycan Prezidentinə təqdim olunması prosesi ilə bağlı təəssüratlarınız necədir?

- Bu il – 2024-cü il iyulun 1-də mən etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdim. Yaxşı və uzun söhbətimiz oldu. Görüşdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak edirdi. Açıqfikirli prezident cənab İ.Əliyev bir sıra məsələlərlə bağlı Azərbaycanın perspektivlərini çox aydın şəkildə ifadə etdi. Eyni zamanda, o, Kanadanın regiona, o cümlədən Ermənistan və regionun digər ölkələri ilə münasibətlərə mövqeyi, münasibəti ilə bağlı fikirlərimi böyük diqqət və hörmətlə dinlədi. Kanada Azərbaycanla yaxşı münasibətləri davam etdirməkdə, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır.

- Cənab səfir, Fransanın Azərbaycana qarşı qəbul etdiyi bir çox qərarın oxşarının Kanada parlamenti tərəfindən qəbulu, ölkənin müxtəlif siyasətçilərin açıqlamalarına sizin münasibətiniz necədir?

- Kanada Milli Məclisi səlahiyyətləri parlamentin müstəqilliyi prinsipinə əməl edir. Məclisin fərdi üzvləri və ya parlamentdə təmsil olunan siyasi partiyalar beynəlxalq məsələlər üzrə öz fikirlərini və mövqelərini ifadə etməkdə sərbəstdir. Bu fikirlər bir qurum olaraq Kanada parlamentindən ayrı olan Kanada hökumətinin baxışları və siyasəti ilə üst-üstə düşə də bilər, düşməyə də.

- Hazırda işğaldan azad edilmiş ərazilərimizdə,ilk növbədə, ölkənin daxili imkanları hesabınaminatəmizləmə işləri həyata keçirilir. Azərbaycanla Kanada arasında bu mövzuda müzakirələr aparılır. Bəsa Kanada bu məsələdə Azərbaycana necə dəstək verə bilər?

- Əvvəla, qeyd edim ki, müharibənin olmaması sülhün olması ilə eyni deyil. Torpağa basdırılmış piyada əleyhinə minalar hər hansı sülh sazişinə əsasən həll edilməli müharibə mirasıdır. Çünki bu təhlükəli, məkrli, gizli silahlar münaqişə bitdikdən çox sonra da günahsız insanları öldürməyə davam edə bilir.

Mən Xarici İşlər Nazirliyində işə başlayanda “Beynəlxalq humanitar hüquqa əsasən 1997-ci ildə qəbul edilmiş piyada əleyhinə minaların istehsalı, daşınması və istifadəsini qadağan edən Ottava Konvensiyasının hazırlanmasında çalışdım. Beləliklə, minalarla mübarizə mənim həm şəxsi, həm də peşəkar həvəsimdir. Azərbaycan da mina təsirinə məruz qalan ölkədir. Biz tez-tez ANAMA-nın Bakıdakı ofisində görüşürük.

Qlobal miqyasda minalar mülki əhali, xüsusən də uşaqlar üçün təhlükə yaradır, kənd təsərrüfatına, ticarətə mane olur. Kanada ANAMA-nın apardığı bu vacib işdən xəbərdardır və bu fəaliyyəti müsbət qəbul edir. Kanada Ottava Konvensiyasının tam şəkildə həyata keçirilməsini və universallaşdırılmasını təmin etməyə sadiqdir. Həm Azərbaycan, həm də Ermənistanı konvensiyaya qoşulmağa cəlb edərək bunu piyada əleyhinə minaların istifadəsini və onların davamlı humanitar təsirinə son qoymağın ən yaxşı yolu kimi görür.

2021-ci ildə Kanada Sülh və Sabitləşdirmə Əməliyyatları Proqramına Dağlıq Qarabağ bölgəsində bölücü xəttin (şərti sərhəd xətti) hər iki tərəfində minalardan təmizləmə fəaliyyətlərinə dəstək üçün 800 min ABŞ dolları ayırıb. Ermənistan tərəfində partlayıcı sursatların zərərsizləşdirilməsi və əlaqədar fəaliyyətlər üçün “HALO Trust”a (HT) 400 min, risklərin maarifləndirilməsi, Azərbaycan tərəfində tədqiqatlar sahəsində texniki yardım göstərmək üçün ANAMA ilə işləyən Mədən Məsləhətçi Qrupuna da 400 min ABŞ dollar ayrılıb. Layihə fəaliyyətləri 2022-ci ilin dekabrında tamamlandı.

- Amma Ermənistan mina xəritələri ilə siyasi alver edir. Verdiyi xəritələr tam deyil və qeyri-dəqiqdir. Azərbaycan 2020-ci ilin noyabrında ərazilərini erməni işğalından azad edəndən bu günədək 342 Azərbaycan vətəndaşı mina partlayışının qurbanı olub.

- Hesab edirəm ki, sülh prosesinin bir hissəsi kimi minalanmış ərazilər dəqiq müəyyən edilməli və mülki əhalinin qorunması üçün daha çox iş görülməlidir. Bu, sərhədin demarkasiyasına kömək etmək və hər iki tərəfdəki mülki insanları qorumaq üçün lazımdır. Azərbaycan və Ermənistan bu işi birgə və xoş niyyətlə görməlidir.

- Ermənistan Qarabağda tarixi abidələri tamamilə məhv edib. Vaxtilə Qarabağın ən gözəl şəhəri olan Ağdamı dünya mətbuatı "Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırıb. Bu ictimai qınaqlara qoşulursunuzmu?

- Kanada hər hansı xalqın mədəni irsinin qəsdən məhv edilməsinin əleyhinədir və belə mühüm tarixi və mədəni obyektlərin qorunmasını, mühafizəsini dəstəkləyir. UNESKO bu məsələdə kömək, dəstək və bələdçi ola bilər.

- İki ölkə arasında idxal, ixrac kimi iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Kanada ilə Azərbaycan arasında ticarət potensialı var və iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasında əsasən mineral yanacaq, neft, nəqliyyat vasitələri və kənd-ərzaq məhsulları ticarəti həyata keçirilir. Kanada Azərbaycana elektrik maşınları, nəqliyyat vasitələri və bir sıra ərzaq məhsulları verir, Azərbaycandan isə təyyarə, maşın, metal, meyvə-tərəvəz və s. alır. Beynəlxalq ticarət axınları pandemiya zamanı yaşanan şok dalğaların təsirindən sonra yavaş-yavaş bərpa olunub. 2023-cü ildə Kanadanın böyük enerji biznes missiyası ticarət və investisiya üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycana səfər etdi. Kanada şirkətləri Azərbaycan bazarında, xüsusən də təmiz enerjiyə keçid, informasiya texnologiyaları və kənd təsərrüfatı kimi sektorlara maraq göstərir.

- Kanada ilə Azərbaycan arasında təhsilsahəsində əlaqələri necə dəyərləndirirsiniz?

- Təhsil baxımından Kanada çox cəlbedici bazardır. Sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün. Çünki təhsilin keyfiyyəti bizdə çox yüksəkdir və ABŞ, Böyük Britaniya qədər bahalı deyil. Kanadada təhsil dili ingilis və fransız dillərindədir. Çox gözəl universitet və şəhərcikləri var. Getdikcə artan azərbaycanlı tələbələr Azərbaycan dövlət fondunun dəstəyi ilə Kanada universitetlərində bakalavr təhsili alır. 2023-cü ilin sonuna qədər Kanadada Azərbaycandan 6 ay və daha uzun müddətlik təhsil üçün 420 tələbə oxuyub.

Azərbaycan universitetləri ilə əlaqələr genişlənib. Kanadada təhsil almağı seçən Azərbaycan vətəndaşlarının sayı son 10 ildə iki dəfədən çox artıb. Bunu təhsillə bağlı azərbaycanlıların mənə gələn çoxsaylı viza müraciətləri də təsdiq edir.

- 2006-cı ildən Azərbaycan Kanadada keçirilən Niaqara Beynəlxalq Musiqi Festivalında iştirak edir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Niaqara Musiqi Festivalında iştirak etməklə ölkəsinin zəngin musiqi irsini Kanadanın ən məşhur musiqi tədbirlərindən birinə gətirərək mühüm mədəniyyət mübadiləsi edir. Bu iştirak Kanada auditoriyasına Azərbaycan musiqilərini təqdim etməklə qalmır, həm də bu universal incəsənət dili ilə mədəniyyətlərarası dialoqu artırır.

- Kanada turist ölkəsi kimi də tanınır. Azərbaycan-Kanada turizm əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- Kanadada turizmin bütün növləri inkişaf edib. Dünyanın ayrı-ayrı yerlərindən bizim ölkəyə və paytaxtımıza axın var. Kanadanın coğrafi müxtəlifliyini – möhtəşəm dağları, gölləri, meşələrini kəşf etmək üçün Avropa və Asiyadan turistlər bura üz tutur. Azərbaycanın da kanadalı turistlərə təklif edəcəyi çox şey var: təbiəti - gözəl dağları, Xəzər dənizi, çayları, şəhər mənzərələri, tarixi, abidələri, mədəniyyəti və s.

- Sizin Azərbaycan haqqında şəxsi təəssüratınız necədir?

- Bir tərəfdən paytaxt Bakı dünyanın heç bir şəhərinə bənzəmir, həm də bir çox şəhəri öz varlığında birləşdirir. Paris, İstanbul, Moskva və Orta Asiya şəhərlərinin sintez olunmuş bir məkanıdır. Qədim abidələrlə Alov qüllələri, müasir dəniz limanı harmoniya içindədir. Bakını maraqlı və mistik edən müxtəlif mədəniyyətlərin unikal memarlıq xüsusiyyətlərini bir arada daşımasıdır.

Mən etimadnaməmi prezidentə təqdim etdikdən sonra ailəmlə Bakıdan Azərbaycanın digər rayonlarına yola düşdük. Dağlardan, düzlərdən keçərək Qəbələ, Şəki, Qax şəhərlərinə, oradan Gürcüstan sərhədinə qədər getdik. Məşhur palçıq vulkanları və Yanar dağı da gördük. Bütün bunlar mənə çox xoş oldu. Azərbaycan mətbəxinin, xüsusilə quzu əti yeməklərindən başqa bir zövq aldım. Çox gözəl balıqlarınız, plovlarınız, şərablarınız da var.

Azərbaycanlılar həm də xeyirxah insanlardır. Bir dəfə Nyu-Delhi-Toronto səfəri zamanı təyyarədə texniki nasazlıq yarandı, təcili Bakıda enməli olduq. Təsəvvür edin, təyyarədə 300 sərnişin var və heç birinin də Azərbaycan vizası yoxdur. Göyərtədə yaşlı insanlar da var idi. Azərbaycan hökumətinin məsul qurumları onlara yardım əlini uzatdı. Gecəyarısı da olsa, sərnişinləri otellərdə yerləşdirdilər, yeni təyyarə gələnə qədər qayğılarına qaldılar, saatlar sonra sərnişinlər Hindistana uçuşa davam etdilər.

- Kanada-Azərbaycan birbaşa uçuşları haqqında nə düşünürsünüz?

- Hazırda birbaşa uçuşları əsaslandırmaq üçün kifayət qədər kommersiya tələbi yoxdur. Lakin biz vəziyyəti izləyirik.

- Səfir kimi prioritetləriniz nələrdir?

- Kanada bütün ölkələrlə yaxşı və məhsuldar əlaqələr qurur. Azərbaycan dünyanın strateji baxımdan çox mühüm hissəsindədir. Kanada Azərbaycanla qonşularının sülh və sabitlik şəraitində yan-yana yaşamasını görmək istəyir.