İstanbulda Azərbaycanın incəsənət ustalarının konserti olub

18 Oktyabr 2024 20:15 (UTC+04:00)

Türkiyədə keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində İstanbulda Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsertdən əvvəl çıxış edən Mərkəzinin direktoru Samir Abbasov, İstanbul Böyükşəhər Bələdiyyəsinin şəhər teatrlarının müdiri Oytun Askeroğlu və digərləri ölkələrimiz arasındakı tarixi bağlar və ortaq mədəniyyətimiz barədə danışıblar.

Sonra beynəlxalq müsabiqələrin qalibi Həzrət Əzizlinin “Bayatı Şiraz – Xudayar Təsnifi” ifası ilə şəhid qəhrəmanlarımızın xatirəsi anılıb. Əməkdar artist Dilarə Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.

Tədbir Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, balaban ustası Əlixan Səmədov, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə, Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, müğənni Çinarə Məlikzadə, tarzən Abdullah Qurbani, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani, tarzən Pərviz Musayev, eləcə də Vüsalə Əsgərova və “Güneşmüzik” rəqs-xor qrupunun ifasında milli mahnılarımızın səsləndirilməsi ilə davam edib.

Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" rəqslərimizi təqdim ediblər.

Tədbir Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı, həmvətənimiz Səidə Ömərin təqdimatında baş tutub.

Mərasimdə rəsmi qonaqlar, şəhər ictimaiyyətinin, elm, təhsil və mədəniyyət sahələrinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, mədəniyyətimizin qardaş ölkədə geniş təbliği Azərbaycan Mədəniyyət Mərkəzinin əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə mərkəz tərəfindən Türkiyənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.