Pxenyan Seulla əlaqələri kəsir...

18 Oktyabr 2024 18:26 (UTC+04:00)

...Şimali Koreya Cənubi Koreya ilə əlaqələri tamamilə kəsdiyini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, FREEDOM xəbər verir ki, ikitərəfli münasibətlərin normallaşdırılması kursunun rəsmi şəkildə rədd edilməsi indi Şimali Koreya konstitusiyasında təsbit olunub və Koreya Respublikası orada düşmən dövlət adlanır. Şimali Koreya onu Cənubi Koreya ilə birləşdirən avtomobil və dəmir yollarının hissələrini sıradan çıxarıb.

Partlayışlar Şimali Koreya ərazisində baş verib. Şimali Koreya Müdafiə Nazirliyi hərbi istehkamçıların yolların 60 metrlik hissələrini partladıb, bununla da ölkələr arasında istənilən əlaqəni tamamilə kəsdiyini bildirib.

Seul bu addımı pisləyib və Pxenyanı eskalasiyanı davam etdirməkdə ittiham edib.

Bu arada hərbi analitiklərin fikrincə, Şimali Koreya üçün avtomobil və dəmir yolu əlaqələrinin olmaması gözlənilən hərbi əməliyyatlar zamanı faydalı ola bilər. Associated Press partlayışı “qəzəbin simvolik ifadəsi” adlandırıb. Pxenyan bunu Cənubi Koreyanın hökumət əleyhinə vərəqələrlə pilotsuz təyyarələr buraxmasına reaksiya kimi izah edib.

Qeyd edək ki, onilliklər ərzində Şimali Koreya rəsmi olaraq Cənubi Koreya ilə birləşmənin tərəfdarıdır. Hər iki ölkənin konstitusiyaları yarımadanın bütün ərazisi üzərində suverenlik istəyini ifadə edirdi. Lakin 2023-cü ilin dekabrında Kim Çen In Seulla barışmağın artıq Pxenyanın məqsədi olmadığını söylədi.

...Və 2024-cü ilin oktyabrında Şimali Koreya parlamenti əsas qanuna dəyişiklik edib və Cənubi Koreyanı düşmən dövlət kimi tanıyıb.

Əli Babayev