Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir - Gürcüstanda yaşayan azərbaycanlı

18 Oktyabr 2024 17:31 (UTC+04:00)

Gürcüstanda yaşayan azərbaycanlılardan ibarət 30 nəfərlik qrup halında Şuşa şəhərinə gəlmişik. Mən 1976-cı ildən sonra yenidən bu möhtəşəm şəhərdəyəm. Xoş hisslər keçirirəm. SİA xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən Gürcüstanda yaşayan azərbaycanlı, professor Mahmud Kamaloğlu deyib.

O bildirib ki, Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir. “Şuşa qalası əzəməti ilə dillərə dastandır. Bu şəhər həm də Azərbaycanın mədəniyyət mərkəzidir. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində 30 ildən sonra cənnət guşəmizə qovuşduq, onu yenidən dirçəltməyə nail olduq. Fikrimcə, 2020-ci ilin 8 noyabrı tariximizə qızıl hərflərlə ən şanlı gün kimi yazılıb. Həmin gün Qarabağın tacı olan Şuşa şəhəri mənfur işğalçılardan azad olundu. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə hər dəfə eşitdiyimiz Zəfər xəbərləri ilə sevinc və qürur hissləri keçirirdik”,- deyə professor əlavə edib.