Şuşa haqqında təəssüratlarımı şagirdlərimə də çatdıracağam - Gürcüstan azərbaycanlısı

18 Oktyabr 2024 17:29 (UTC+04:00)

“Şuşa şəhərinə gəlmək, bu yerləri görmək mənim üçün həm qürurverici, həm də ruhumuzun çəkdiyi iztirabın sona çatdığı deməkdir”. SİA xəbər verir ki, bu sözləri Şuşa şəhərinə səfər edən Gürcüstan azərbaycanlısı Xanım Məmmədova söyləyib.

“Uzun illər bu torpaqların işğalda qalması və torpaq uğrunda qəhrəman oğulların şəhid olması ürəyimizi sızladırdı. Artıq bu iztirablar sona çatıb, Şuşa şəhəri və bütöv Qarabağ Müzəffər Azərbaycan Ordusunun haqq savaşı nəticəsində azadlığına qovuşub və əsl sahiblərinə qayıdıb. Eyni zamanda, şəhidlərimizin ruhu şaddır. Bütün şəhidlərimizə rəhmət diləyirəm və qazilərimizə şəfa arzu edirəm. Hər zaman şagirdlərimizə Şuşa haqqında kitablardan nəzəri olaraq bəhs edirdik, lakin Şuşa səfərimdən geri qayıdarkən şagirdlərimizə praktiki olaraq bu yerlər haqqında təəssüratlarımı çatdıracağım üçün çox xoşbəxtəm”, - deyə vurğulayıb.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan Şuşa, Xankəndi və Ağdam səfərinə bu gündən start verilib. Sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub. AZƏRTAC