“Məktəblərdə tərbiyə mövzusunun ikinci plana keçməsi böyük təhlükədir“ - MÜSAHİBƏ

18 Oktyabr 2024 17:03 (UTC+04:00)

Fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Bu gün hamı təhsildəki problemlərdən danışır. Təhsildə nə dəyişməlidir ?

- Təhsil mütləq dəyişməli, müxtəlif istiqamətlər üzrə islahatlar aparılmalıdır. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı dövlət rəhbərliyi səviyyəsində münasibət bəllidir. Cənab Prezident hər zaman təhsil işçiləri ilə görüşlərində müəllimlərə və təhsil ictiamiyyətinə diqqət və qayğısını göstərir. Ölkə başçısı hər zaman Azərbaycanı təhsil tutumlu ölkə olaraq görmək istəyini bildirib. Bütün bunlar və qlobal dünyada təhsillə bağlı inkişaf bizi sövq edir ki, Azərbaycanda davamlı inkişaf görmək üçün təhsildə yeniliklərə açıq olmalıyıq.

- Orta məktəblər dərs səviyyəsi o qədər aşağıdır ki, hər kəs repititora müraciət edir ?

- Təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsi təhsillə bağlı məsələlər içərisində ilk sırada yer tutur. Bununla bağlı müəllimlərin peşəkarlığının artırılması, onların biliklərinin qiymətləndirilməsi və təhsilin məzmununda yeniliklərin aparılması çox vacib amillərdəndir. Azərbaycanda repititorluğun bu qədər geniş vüsət alması hər kəsi düşündürür və burada ailə büdcəsinə çox böyük təsir göstərir. Belə ki, biz burada ilk olaraq ali təhsil müəssisəsinə qəbul prosesinə yenidən nəzər yetirməliyik. Repititorluq əsasən ali təhsil müəssisəsinə qəbula yönəlib. Müəllimlərin bir çoxu bildirir ki, məktəbdə tədris olunan dərs forması ilə ali təhsil müəssisəsinə qəbul imtahanın sualları fərqlənir. Həmçinin burada uşaqların psixoloji və mənəvi vəziyyətləri də nəzərə alınmalıdır. Uşaqlar məktəbdən sonra asudə vaxtlarını idman, teatr kimi yerlərdə keçirmək əvəzinə bütün günü yollarda qalır, repititor yanına gedirlər.

- Artıq azyaşlı şagirdlər də dərsdən gec çıxmaqla bağlı dilə gəliblər…

- Məktəbin vəzifəsi həm də tərbiyə verməkdir. Haqqında danışdığımız repititorluq ölkədə məktəbləri elə hala salıb ki, tərbiyə məsələsi ikinci plana keçib. Eyni zamanda şagirdlərin aqressiyası da birbaşa olaraq ailədən gəlir. Burada diqqət edəcəyimiz məsələ odur ki, valideynlər uşaq böyütməklə bağlı heç bir kitab oxumurlar. Çox təəssüf ki, sosial şəbəkə fenomenlərini izləyən valideynlərdir bu gün müəllim statusuna çox ciddi ziyan vururlar. Belə olan halda da müəllimin nüfuzundan danışmaq olmur. Qeyd edim ki, bu kimi məsələlərdə cəmiyyətin üzərinə daha böyük məsuliyyət düşür. Tərbiyə mövzusunun ikinci plana keçməsi çox böyük təhlükədir, bu məsələyə xüsusi diqqət yetirməlidir. Məktəblərdə tərbiyə mövzusuna xüsusi olaraq toxunulmalıdır.