“Qarabağ” klubunun rəsmiləri məşhur institutun diplomunu alıblar - FOTOLAR

18 Oktyabr 2024 16:46 (UTC+04:00)

"Qarabağ"ın akademiyasının meneceri Nail Kərimov və klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İspaniyanın Barselona şəhərindəki Yohan Kroyff adına institutun diplomunu alıblar. Bu barədə SİA-ya N.Kərimov məlumat verib.

O, tədrisi müsbət notlarla başa vurduqlarını söyləyib:

“Yohan Kroyff adına institutda tədris və təhsil bir neçə istiqamət üzrə mövcuddur. Magistratura, idman markentinqi, idman menecmenti tədrisi var. Mən öz sahəmə uyğun futbol menecmentliyini seçmişdim. İlyarımlıq təhsil müddətinə üstünlük vermişdim. Təhsilin formatında müxtəlif modullar mövcud idi. Mənim seçdiyim modullar arasında data analitikası, futbolda media və kommunikasiya, kommersiya menecmenti, rəqəmsal transformasiya və gəlir yaradılması var idi. Modulların hər birinin tərkibində müxtəlif formatlarda dərslər keçirilirdi. Bundan əlavə, bir neçə mövzuya uyğun vebinarlar təşkil olunurdu. Tələbələrin əksəriyyəti işlədiyinə görə, mümkün qədər asan qrafik qurulmuşdu. Dərslər bir neçə professor tərəfindən keçirilirdi. Nəzəriyyəni yekunlaşdırdıqdan sonra test imtahanları verdik. Avropa ilə Azərbaycan arasında təhsildə fərqlər olduğu üçün asan deyildi. Üstəlik, akademik ingilis dili biliyinə malik olmalısan. Diplomu müdafiə edərək aldıq. “Qəbələ”də çalışdığım müddətdə klub mənə təhsil haqqının ödənilməsində yardımçı olub. Baxmayaraq ki, klubun maddi vəziyyəti aşağı idi. Buna görə onlara minnətdarlığımı bildirirəm”.

“Qarabağ” akademiyasının rəsmisi Barselonaya Ağdam klubunun dəstəyi ilə getdiklərini vurğulayıb:

“Barselonaya səfərin məqsədi sonuncu modulu tamamlamaq idi. Orada “Sportbiz” konfransında iştirak nəzərdə tutulurdu. Hansı ki, artıq dünyada məşhurlaşıb və uzun illərdir keçirilir. İştirak ödənişlidir. Amma Yohan Kroyff adına institutun tələbələri üçün ödənişsiz təşkil olunur. Son səfərimizin təşkilində “Qarabağ” klubu dəstək göstərdi. Bu qədər gərgin iş qrafikinin fonunda təhsil almaq maraqlı və xoş idi. Xüsusən idman sahəsində çalışan gənclərə məsləhət görərdim ki, oxusunlar. Nə qədər tez oxusalar, o qədər asan qavrayacaqlar. Bu təhsil sayəsində işimdə nələri tətbiq edəcəyimi, yeni trendləri öyrəndim. Uzun illərdir bu sahədəyəm. Təcrübənin yanında nəzəriyyə də vacibdir”.

Qeyd edək ki, Nail Kərimovdan fərqli olaraq, Anar Hacıyev Marketinq və Sponsorluq üzrə magistr proqramını uğurla başa vurub.