Azərbaycan tarixinə qızıl hərflərlə yazılan BÖYÜK QAYIDIŞ - TƏHLİL

18 Oktyabr 2024 16:45 (UTC+04:00)

Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş və az qala əsrin üçdəbirinə yaxın müddət ərzində min bir əziyyətlə köçkün həyatı yaşamaq məcburiyyətində qalan insanların ərazilərimizin işğaldan azad olunmasından sonra öz dədə-baba torpaqlarına geri dönməsi, geri qayıtması sıradan bir qayıdış deyil, həqiqətən də Böyük Qayıdışdır. Azərbaycanın öz gücü, öz qüdrəti, öz potensialı ilə, şəxsən Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti ilə, Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi, birliyi ilə təcavüzkar, işğalçı Ermənistan üzərindən cəmi 44 gün ərzində qazanılan qələbənin ardınca belə bir dönüş, belə bir qayıdış həqiqətən də Azərbaycan tarixinə haqlı olaraq qızıl hərflərlə yazılmaqdadır.

Bəli, öz ata-baba torpaqlarına dönmək, qayıtmaq həmvətənlərimizin, öz yurd-yuvalarından didərgin düşmüş insanların haqqıdır və dövlətimiz, dövlət başçımız onların bu haqqını da məhz Böyük Qayıdış sayəsində təmin edir. İndi təkcə biz özümüz yox, bütün dünya ictimaiyyəti bu qayıdışı müşahidə edir və işğaldan azad edilən torpaqların əsl sahiblərinin geri dönmələrini, öz yurd-yuvalarına yenidən qayıtmalarını haqqın, ədalətin qələbəsi hesab etməkdə hər kəs haqlıdır. Xüsusən də, indi hər kəs görür ki, vətəndaşlarımızın geri qayıtmaları üçün əvvəlcədən hansı işlər görülür və dövlətimiz həmin insanların yüksək səviyyədə yaşayış şəraitini təmin etmək bütün mümkün layihələri gerçəkləşdirir. İşğaldan azad edilən ərazilərimizin ermənilər tərəfindən basdırılan minalardan təmizlənməsindən tutmuş, bütün infrastruktur layihələrinin reallaşdırılmasına qədər görülən işlər məhz öz yurd-yuvalarına qayıdan insanların həyat səviyyəsinin ən yüksək dərəcədə təminatı üçündür. Çəkilən yollar, istifadəyə verilən və tikilməkdə olan hava limanları, şəhər, kənd və qəsəbə tipli yaşayış məntəqələrinin salınması, xüsusən də müasir standartlara cavab verən ağıllı kənd layihəsinin timsalında ən üstün yaşayış şəraitinin reallaşdırılması həqiqətən də ən unikal təminat deməkdir. Belə bir təminat əlbəttə ki, dövlətimiz, dövlət başçımız tərəfindəndir və bu da Azərbaycan cəmiyyətində olduqca yüksək səviyyədə qiymətləndirilir. Çünki Azərbaycan vətəndaşları başa düşürlər və bilirlər ki, yaradılan şərait məhz həmin o işğaldan azad edilən ərazilərimizə geri dönən, qayıdan həmvətənlərimizin daha da yaxşı yaşamaları üçündür. Hər dəfə vətəndaşlarımızın öz yurd-yuvalarına dönüşünün, qayıdışının cəmiyyətimiz tərəfindən böyük coşqu, bayram əhval-ruhiyyəsi ilə qarşılanması bu baxımdan heç də təsadüfi deyil və Azərbaycan ictimaiyyətinin verdiyi dəyərin, qiymətin təzahürüdür. Etiraf edilməlidir ki, 44 günlük müharibədən və qələbəmizdən sonra vətəndaşlarımızın öz ata-baba torpaqlarına dönmələri mərhələsi, geri qayıtmaları dövrü bizim şanlı tariximizin qızıl dövrü sayılır və məhz bu baxımdan da haqqında qeyd olunan Böyük Qayıdış haqlı olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılır.

Əlbəttə ki, erməni silahlılarının, daha doğrusu, terrorçularının, separatçılarının ərazilərimizə soxulmaları, təcavüzkarlıq və işğalçılıq etmələri, soyqırım siyasəti yürütmələri, vəhşiliklərə, vandallıqlara imza atmaları ən böyük qanunsuzluq olmaqla yanaşı, eləcə də insanlığa sığmayan hərəkətlər idi. Xocalı faciəsi və başqa qırğınlar kimi insanlığa sığmayan hərəkətlər, ölüm, işgəncə və əsirlik təhdidi ilə erməni silahlılarının, separatçılarının məhz azərbaycanlıların öz yurd-yuvalarını tərk etmələri üçün bütün bəşəri cinayətlərə əl atdıqları dünya ictimaiyyətinə bəllidir. O da bəllidir ki, məhz həmin təhdidlərlə qarşılaşan insanların, məhz torpaqları işğal edilən azərbaycanlıların öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldıqları da heç kim üçün artıq sirr deyil. Məhz erməni silahlılarının ölkəmizin ərazilərində yerləşdirildiyi də, ərazilərimizi, təbii sərvətlərimizi taladıqları da gizlində olmayıb. Əbəs yerə deyildi ki, erməni silahlı dəstələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri üçün BMT kimi bir beynəlxalq təşkilat məlum dörd qətnamə qəbul etmişdi. Bununla belə, az qala əsrin üçdəbirinə yaxın müddət ərzində heç bir beynəlxalq təşkilat, xüsusən də həmin məsələnin həlli ilə məşğul olmaq və həllinə nail olmaq üçün yaradılan ATƏT kimi bir qurum belə nəyə isə nail ola bilmədi. Amma bunun öhdəsindən məhz Azərbaycan özü gəldi, BMT qətnamələrinin icrasını müstəqil şəkildə reallaşdırdı, ərazilərini işğaldan azad etdi, erməni silahlılarını belə ərazilərindən çıxardı və torpağın əsl sahiblərinin kimlər olduğunu isbat etdi. Bunun ardınca da məhz həmin o torpaqların əsl sahiblərinin geri qayıtmaları üçün “Böyük Qayıdış” proqramının icrasına başladı və indi həmin proqram uğurla davam etdirilməkdədir. Məsələ burasındadır ki, Azərbaycan bütövlükdə dünyanın bir çox beynəlxalq təşkilatlarının bacarmadığını bacardı, öhdəsindən gələ bilmədiyinin öhdəsindən gəldi. Özü də ən qısa zaman kəsiyində bunun öhdəsindən gələ bildi. İş ondadır ki, torpağın əsl sahiblərini də Azərbaycan öz yurd-yuvalarına özü, həm də öz vəsaiti, öz potensialı hesabına qaytarır. Azərbaycan heç bir dəstək, heç bir kömək olmadan “Böyük Qayıdış” proqramının öhdəsindən gəlir və bunun üçün sərf olunan külli miqdarda dövlət vəsaitləri də ölkənin büdcəsi tərəfindən qarşılanır. Qızıl hərflərlə yazılmalı olan məqamlardan biri də məhz budur.

Öz yurd-yuvalarına qayıdan insanların, işğaldan azad olunan ərazilərin əsl sahiblərinin geri dönmələrində ən vacib və ən dəyərli məqam onların həmin ərazilərdə təkrar məskunlaşmaları yox, məhz vətənə, yurda, xalqımıza məxsus olan, ata-baba torpaqlarına sahib çıxmalarıdır. Böyük Qayıdışın fəlsəfəsi həmvətənlərimizin öz ərazilərimizdə məşkunlaşçası ilə yekunlaşmır və daha dəyərli məqamları özündə birləşdirir. İlk öncə onu diqqətə çatdıraq ki, ermənilər üzün illər boyu, ümumiyyətlə, mövcud olduqları dövr ərzində Azərbaycan ərazilərinə iddialı olublar, torpaqlarımızı öz ərazilərinə qatmaq istəyiblər və ötən əsrin sonlarında Ermənistanın Azərbaycana təcavüz etməsi də buna görə, bu məqsədlə idi. Ölkəmizdə həmin dövrdə mövcud olan hakimiyyətsizlikdən, xaosdan, hərc-mərclikdən, qarışıqlıqdan namərdcəsinə istifadə edən haylar ərazilərimizə soxulmağa başladılar və vəhşicəsinə soyqırımlara imza atmaqla həmin ərazilərdə yaşayan insanları, Azərbaycan vətəndaşlarını ölüm, işgəncə və əsirlik təhdidi ilə öz yurd-yuvalarından çıxardılar. Əsrin üçdəbirinə yaxın müddət ərzində bir dənə daşı daş üstünə qoymayan ermənilər həyasızcasına özlərini həmin torpaqların sahibləri kimi göstərməyə çalışdılar. Amma 44 günlük müharibədə fərarilik edən ermənilərdən fərqli olaraq azərbaycanlıların göstərdikləri şücaət, vətən uğrunda şəhid və qazilərimizin canlarını fəda etmələri, bunun da məntiqi nəticəsi olaraq əldə olunan qələbə kimin kim olduğunu, ələlxüsus da torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Xüsusən də Azərbaycanın mükəmməl qələbəsi ilə ən qısa zamanda başa çatan müharibədən dərhal sonra Azərbaycanın quruculuq, abadlıq işlərinə, “Böyük Qayıdış” proqramının icrasına başlaması daha əsaslı dəlil olaraq qəbul olundu və hər kəs, etiraf etməkdən boyun qaçıran belə başa düşdü ki, həmin ərazilər həqiqətən də Azərbaycana, Azərbaycan xalqına məxsusdur. Bu, ədalətin qələbəsi ilə yanaşı, həqiqətin də isbatı idi. Ələlxüsus da, erməni vandalları, vəhşiləri tərəfindən illər ərzində dağıdılan həmin o işğaldan azad olunan ərazilərin Azərbaycan tərəfindən yenidən abadlaşdırılması, bərpası, haylar tərəfindən xarabalığa çevrilən torpaqların bizim əllərimizin zəhməti, vəsaitlərimiz, potensialımız hesabına günü-gündən cənnətə çevrilməsi, bu istiqamətdə göstərilən təşəbbüslər belə həqiqətin nədən ibarət olduğunu ortaya çıxardı. Bax elə Böyük Qayıdışın fəlsəfəsi də bunu özündə ehtiva edir və erməni miflərini məhz edən bu dövrü məhz tariximizin qızıl dövrü adlandırmaqda hər birimiz haqlıyıq. Bir sözlə, həqiqətən də Böyük Qayıdış Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqdadır...

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.