“Gədəbəydə qış turizminin inkişafı ilə bağlı müvafiq işlər görülməlidir” - İQTİSADÇI DANIŞDI

18 Oktyabr 2024 16:09 (UTC+04:00)

“Milli iqtisadiyyatın şaxələndirilməsi baxımından ölkədə turizmin inkişafına yönəlik investisiyaların həcminin artırılmasına və o investisiyaların istifadə edilməsinin effektivliyinin təmin olunmasına xüsusi önəm verilməlidir. Əgər biz investisiya siyasətini təhlil etsək, məhz həcmin artırılması və effektiv istifadənin təminatının isvestisiya siyasətində mərkəzdə dayanan amillər olduğunu görərik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadi Elşad Məmmədov deyib.

O bildirib ki, dövlət infrastruktur seqmentini öz üzərinə götürməli, özəl sektor isə işgüzar fəaliyyətin canlanmasına doğru müvafiq istiqamətlər üzrə investisiyaları artırılmalıdır: “Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına, bank sektorunun bu işlərdə aktiv rol oynamasına ehtiyac var.
Qış turizmi seqmentindən danışsaq əgər, Qusar, Quba, Xaçmazda artıq bu istiqamətdə müvafiq infrastruktur işləri görülüb. Eyni zamanda bazarda təklifin çoxalmasına, rəqabət mühitinin inkişafına ehtiyac var. Bu isə qiymətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Eyni zamanda ölkəmizin Qərb bölgəsində, xüsusilə Gədəbəy rayonunda qış turizminin inkişafı ilə bağlı müvafiq infrastruktur və özəl sektorla bağlı işlərin reallaşdırılmasına ehtiyac var. Oradakı potensialın hələ də reallığa çevrilməkdən çox uzaq olmasının şahidi oluruq. Belə ki, orada mövcud olan potensialın böyük hissəsi hələ də reallaşmayıb. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələyə xüsusi önəm verməlidirlər”.