"Qədim milli sərvətimiz olan Xudafərin körpüsünün azad olunması mühüm hadisə idi” - ŞƏRH OLUNDU

18 Oktyabr 2024 15:49 (UTC+04:00)

“İyirmi yeddi il Ermənistan silahlılarının işğalı altında qalan Xudafərin körpüsü qədim zamanlardan bəri Azərbaycanın mühüm mənəvi kommunikasiya vasitəsi olaraq ölkəmiz üçün böyük önəm daşıyıb. Qədim milli sərvətimiz olan Xudafərin körpüsünün azad olunması həm hərbi, həm də mənəvi əhəmiyyətə malik hadisə idi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, erməni silahlı birləşmələrinin hissə və bölmələri Xudafərin körpüsünə doğru irəliləyən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumlarını ləngitmək üçün həmin ərazilərdə geniş miqyaslı müdafiə zolaqları yerləşdirilmişdi: Düşmənin üçüncü eşalonu (ön cərgə) da məhz Araz boyunca Əmirvarlı kəndi istiqamətindən başlayaraq Cəbrayılın yuxarı hissəsindəki yüksəkliklərə qədər davam edirdi. Lakin düşmənin bütün səyləri nəticəsiz qaldı. Daha əvvəl birinci və ikinci eşalonları darmadağın edilən düşmən üçüncü eşalondan da geri çəkilmək məcburiyyətində qaldı.

Ordumuz Qubadlıdan Xudafərin istiqamətinə gələn təminat və təchizat yollarını bağladıqdan sonra bu ərazidə yerləşən düşmənin bütün qüvvələrini darmadağın etdi. Nəticədə Soltanlı, Əmirvarlı kəndləri nəzarətimizə keçdikdən sonra Xudafərin körpüsü də düşməndən azad edildi. Nəticədə Xudafərinin azad olunması Azərbaycan ordusunun Zəngilan istiqamətindəki hücumları üçün münbit şərait yaratdı.
Xudafərinin işğaldan azad edilməsi Dövlət Sərhəd Xidmətinin 132 kilometr sərhəd zolağını nəzarətə götürməsi ilə nəticələndi. Qısa müddət sonra bu ərazidə sərhəd diviziyası da yerləşdirildi. Hazırda sözügedən ərazidə yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd diviziyası həm Qarabağın İranla sərhəd zolağında, həm də Şərqi Zəngəzurda sərhədlərimizin təhlükəsizliyini təmin edir”.