Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarının işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlərin görülməsi nəzərdə tutulub. SİA xəbər verir ki, bu çərçivədə Medianın İnkişafı Agentliyində 17 oktyabr 2024-cü il tarixində antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılması, həmçinin maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət tədbirləri barədə məlumatlılığın artırılması məqsədilə təlim təşkil olunub.
Təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyev və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova mühazirəçi qismində iştirak edib.
Onlar çıxışlarında antikorrupsiya davranış modellərinin spesifik cəhətləri, korrupsiya risklərin müəyyən edilməsinin əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin, o cümlədən maraqlar toqquşmasının idarə edilməsi fromaları və etik davranış qaydaları mövzuları ətrafında geniş məlumat verib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmaqla mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.