"BRİKS-in fəaliyyəti heç kimə qarşı deyil" - Putin

18 Oktyabr 2024 15:09 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin BRİKS-in üzv ölkələrin rifahını yüksəltməyi hədəflədiyini ifadə edərək, "BRİKS-in fəaliyyəti heç kimə qarşı deyil" fikrini səsləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən BRİKS Biznes Forumunda çıxış edib.

BRİKS ölkələrinin qlobal iqtisadiyyatdakı payının artdığını vurğulayan Putin deyib: “Məsələn, 1992-ci ildə G7 ölkələrinin payı yüzdə 45,5 ikən, BRİKS ölkələrinin payı yüzdə 16,7 idi. İndi necə? 2023-cü ildə ittifaqımızın payı 37,4 faiz olduğu halda, G7-nin payı 29,3 faizə enib. Sözügedən boşluq daha da genişlənəcək və bu qaçılmazdır”.

Qlobal iqtisadiyyatda BRİKS-in əhəmiyyətinin önümüzdəki illərdə də artmağa davam edəcəyini bildirən Putin bildirib: "Birliyimizə daxil olan ölkələr qlobal iqtisadiyyatda böyümənin hərəkətverici qüvvələridir".

Qlobal iqtisadiyyatda artımın yüzdə 40-dan çoxunun BRİKS ölkələrinin iqtisadiyyatlarından qaynaqlandığını vurğulayan Putin deyib: “Bu ilin nəticələrinə görə, BRİKS-in orta iqtisadi artım tempi 4 faiz olaraq təxmin edilir. Bu, həm G7 ölkələrindəki göstəricilərdən, həm də cəmi 1,7 faizdən yüksəkdir".

BRİKS ölkələrinin şirkətlərinin bir çox bazarlarda hakim mövqeyə çevrildiyini xatırladan Putin əlavə edib: “BRİKS-in fəaliyyəti heç kimə qarşı deyil. BRİKS ölkələrimizin və xalqlarımızın davamlı inkişafı və rifahını özündə əks etdirən ümumi məqsədə nail olmaq məqsədi daşıyır”.