"Qərbin Gürcüstan üzərindən planladığı oyunlar artıq iflasa uğrayıb" - MÜNASİBƏT BİLDİRİLDİ

18 Oktyabr 2024 14:37 (UTC+04:00)

"Məlum olduğu kimi Amerika Birləşmiş Ştatları və Avropanın bəzi dairələri uzun illər idi ki, Gürcüstanda müəyyən qeyri-hökumət təşkilatlarını maliyyələşdirməklə Gürcüstanın siyasi rəhbərliyinə müəyyən təzyiqlər göstərməklə Gürcüstanı Qərbə inteqrasiya etməyə məcbur edirdilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Gürcüstan bəzi hallarda müstəqil dövlət kimi müstəqil milli maraqlara əsaslanan siyasət yürüdə bilmirdi: "Bu da Gürcüstan ictimaiyyətində zamanla müxtəlif çəkişmələrə, müxtəlif fikir ayrılıqlarına və bəzən kütləvi iğtişaş aksiyalarına qədər gətirib çıxaran amillərdən idi. Son aylarda Gürcüstanda yeni siyasi proseslər baş verməkdədir.

Biz daha çox Gürcüstanın siyasi rəhbərliyinin Qərbdən uzaqlaşmalarını görürük. Daha çox müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdüldüyünün şahidi oluruq. Hətta Gürcüstanda "Xarici agentlər haqqında" qərarın qəbul olunması, Gürcüstan Prezidentinin dəfələrlə bu məsələyə veto qoymasına baxmayaraq parlamentdə bu qanunun qəbul edilməsi də onu göstərirdi ki, Qərb artıq Gürcüstan üzərindəki təsir imkanlarını itirməyə doğru gedir".

"Yaxın dövrlərdə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu gün Qərb dairələri bu parlament seçkilərində müəyyən dividentlər qazanmaq, seçkilərdə qərbmeyilli namizədlərin qalib gəlməsinə çalışmaq və bununla da Gürcüstanda müəyyən idarəçilik mexanizmlərini qoruyub saxlamağa çalışırlar. Amma görünən odur ki, Qərb bu istiqamətdə uğur əldə edə bilmir. Qərbin Gürcüstan üzərindən planladığı oyunlar artıq iflasa uğrayıb. Gürcüstan gələcəkdə öz siyasi yolunu müəyyən etmək istiqamətində yola çıxıb. Hesab edirəm ki, bu istiqamətdə də müəyyən uğurlar qazanılacaq. Gürcüstandakı seçkilərdə Qərbin maraqları böyükdür. Bu maraqlar Gürcüstanı gələcəkdə qarışdırmaq, siyasi gərginlik yaratmaq, daha çox qərbmeyilli maraq dairəsində olan namizədləri parlamentə keçirmək və bununla da gələcəkdə proseslərə nəzarət etmək məqsədi daşıyır. Bu planların böyük hissəsi artıq iflasa uğrayıb" - deyə o, əlavə edib.