Cənubi Koreya KXDR-lə sərhədin yaxınlığında hərbi təlim keçirib

18 Oktyabr 2024 13:35 (UTC+04:00)

Koreya Respublikasının silahlı qüvvələri ölkənin şərqində KXDR ilə həmsərhəd əyalətdə yaylım atəşi sistemlərindən istifadə etməklə hərbi təlim keçirib. SİA xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Təlim oktyabrın 17-də gecə saatlarında Kanvondo əyalətinin Keson rayonu ərazisində baş tutub. Manevrlər zamanı Cənubi Koreya hərbçiləri sahildən 17 kilometr məsafədə dənizdə yerləşən şərti hədəfləri vurublar.

“Təlimlər düşmən təxribatı zamanı ordunun qətiyyətinin və cavab zərbəsi endirmək qabiliyyətinin nümayişi üçün keçirilib”, - deyə məlumatda vurğulanır.

Manevrlərə cəlb olunan “Çhonmu” yaylım atəş sistemi 12 raketlə təchiz edilib və 36 kilometrədək uzaqlıqdakı hədəfləri vura bilir.

Cənubi Koreya ordusu, eyni zamanda, oktyabrın 20-də hər il keçirilən genişmiqyaslı “Hoquk” təliminə başlayacağını bldirib. Manevrlər təxminən üç həftə - noyabrın 8-dək davam edəcək. Koreya Respublikasındakı ABŞ hərbi kontingentinin nümayəndələrinin də iştirak edəcəyi builki təlimlərə daha çox hərbçi və texnika cəlb olunacaq. Manevrlər bütün qoşun növlərinin iştirakı ilə müxtəlif məkanlarda “KXDR-in törədə biləcəyi təxribatlar” nəzərə alınmaqla həyata keçiriləcək.

Qeyd edək ki, oktyabrın 11-də Şimali Koreya Xarici İşlər Nazirliyi Cənubi Koreyaya məxsus pilotsuz təyyarələrin Pxenyanın hava məkanını bu ay ərzində üç dəfə pozduğunu bildirib. KXDR ordusu bu səbəbdən cənub qonşusu ilə sərhəddəki artilleriya birləşmələrini hazır vəziyyətə gətirib və oktyabrın 15-də Koreya Respublikasına gedən yolları partladıb.