Saç tökülməsi NİYƏ BAŞ VERİR? - RƏYLƏR

18 Oktyabr 2024 13:03 (UTC+04:00)

Baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Daramaqdan və yumaqdan asılı olaraq günlük 100-150 ədəd saç telini itiririk. Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan,stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Belə ki, adətən saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.

Hər saç telinin müəyyən yaşama müddəti vardır. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuylarkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə bu vəziyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər. SİA mövzu ilə bağlı Dermotoloq Vaqif Abdullayev və Dermatoloq, trixoloq Bəxtiyar Paşayevin fikirlərini öyrənib.

Dermotoloq Vaqif Abdullayev: "Saç tökülməsinin səbəbləri müxtəlifdir. Elementar mikroelement çatışmazlığı zamanı saç tökülməsi ola bilər. Hormonal balansın pozulması nəticəsində, bəzi dərman vasitələrinin qəbulu zamanı ola bilər. Genetik faktorlar təsir edir. Bəzi infeksion xəstəliklərdə yarana bilir. İnsanın immun sistemi saç köklərini yad cisim kimi qəbul edə bilir və saç köklərini zədələyir.

Kimyaterapiyadan sonra saç tökülməsi yaşana bilir. Səbəblər müxtəlifdir. Ona görə də ilkin olaraq pasiyent müraciət edəndə biz xüsusi optik cihazla saç köklərini müayinə edirik. Baxırıq ki, hansı tip saç tökülməsidir. Ona uyğun olaraq analizlər və müalicə tətbiq olunur".

Dermatoloq, trixoloq Bəxtiyar Paşayev: "Saç tökülməsinin səbəbi müxtəlifdir. Bunu qısa, bəzi nüansları aydınlaşdırmadan demək çox çətindir. Saç tökülməsinin ən geniş yayılmış səbəbi genetik saç tökülmədir. Kişilərdə dazlıq şəklində görünür. Bu, həmçinin, qadınlarda da ola bilir. Amma qadınlarda dazlıq kimi olmur. Qadınlarda seyrəklik şəklində görünür. İllərlə baş verir. Zamanla yavaş-yavaş saç tökülməsi olur.

Hər hansı xəstəliklə bağlı saç tökülmələri də var. Buna telogen saç tökülməsi deyilir. Xəstəliklər çoxdur, əsasən qadınlarda rast gəlinir. Bol-bol saç tökülmə ilə müşahidə olunur. Gün ərzində 200-300 saçın tökülməsinə kimi ola bilər. Pasientlər həmişə daraqlarında çox miqdarda saçla yanımıza gəlirlər. Əsas səbəblərindən biri qan azlığıdır. Adətən qadınlarda olur. Emosional və fiziki srressdən ola bilər. Emosional stress daha sarsıdıcı olur. Fiziki stress keçirilmiş hər hansı bir xəstəlikdir. Korona virus infeksiyası, hər hansı infeksion xəstəlik, temperaturla müşayiət olunan xəstəliklər, xəstəxanada yatış səbəbi hər hansı əməliyyat, travma olan səbəblər ola bilər. Amma saç tökülmə bundan 2-3 ay sonra başlayır. Əsas səbəb olaraq bu gün qrip olunubsa, bizim saçımız üç ay sonra tökülə bilər. Hamiləlikdən iki ay sonra bol saç tökülmə ola bilir. Vitamin əksikliyi, dəmir azlığı, qan azlığı da səbəblərdəndir. Qalxanabənzər vəzin xəstəliklərində, hipertiriozlar da səbəblərdəndir".