Əlilliyi olan 91 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

18 Oktyabr 2024 12:12 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 9 ayında əlilliyi olan 91,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 48,3 mininə ambulator, 22,6 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir.

Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.