Gənclərin əksəriyyətinin evlənməməsinin səbəbləri BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

18 Oktyabr 2024 11:02 (UTC+04:00)

Məlumdur ki, Türkiyədə yeni qanuna görə 30 yaşından sonra subay qalan şəxslər dövlətə vergi ödəyəcək. Bəs, bizdə də belə bir qanuna ehtiyac varmı? SİA mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu bildirib ki, bizdə hələlik belə bir qanun qəbul etməyə ehtiyac yoxdur: “Amma bundan əvvəl xeyli sahədə qanun qəbul etməyə böyük ehtiyac var. Türkiyə niyə bu qanunu qəbul edibdir? Ölkədə əhali artımı tənzimləmək, əhalinin sayını artırmaq üçün. Amma bizdə bundan vacib işlər var. Bizim gənclərimizin bir çoxu ona görə evlənmir ki, ölkədəki gənclərin əksəriyyətinin işi yoxdur, lazımi bir gəliri yoxdur, mənzil şəraiti imkan vermir. Eyni zamanda paralel olaraq ailə institutu ilə ciddi şəkildə məşğul olunmur, gənclərimizə ailə dəyərləri lazımi şəkildə təbliğ olunmur, ailə barədə aydın təsəvvürlər yoxdur. Ona görə də biz bu sahədə bir məqsədə, bir nəticəyə nail olmaq istəyiriksə, çalışmalıyıq orta məktəblərdən başlamış gənclərdə ailə dəyərləri ilə bağlı böyük maarifləndirmə işi aparaq.

İkinci tərəfdən çalışmalıyıq ki, hər bir gəncin işsizlik problemini ortadan qaldıraq. Bunun üçün ölkədə çox böyük potensial var. 1994-cü ildən də mən bu potensialı üzə çıxaran təkliflər paketi təqdim etmişəm. İstənilən dövlət qurumuna yenə də təqdim edə bilərəm. Azərbaycanda işsizliyi minimuma endirmək üçün çox böyük potensial var. Amma təəssüf ki bundan istifadə olunmur. İşsizliyi azaldaq, sonra mənzil şəraiti ilə bağlı gənclərə kömək edək.

Mən uzun illərdir təbliğ edirəm ki, Azərbaycanda 3 uşaqlı ailə modelini keçmək lazımdır. Bunun üçün qanunvericilik bazası olmalıdır və bu 3 uşaqda doğmaq, onları tərbiyə etmək təkcə ailənin, o gənclərin işi deyil. Bu həm də dövlətin bir vəzifəsidir. Çünki o uşaqlar təkcə doğulduğu ailənin deyil, həm də dövlətindir. Bu uşaqlar gələcək ölkənin müdafiə qüdrətidir, bu ölkənin istehsal gücünün artırılmasına kömək edir. Bu sahədə də işlərimizə lazımi səviyyədə diqqət verilmir. Ona görə biz yəni xeyli başqa qanunlar ortaya qoymalıyıq, onları qəbul etməliyik. Ondan sonra əgər görsək ki, bütün şərait olandan sonra gənclər elə yenə də evlənmir, onda təbii ki onlara yenə də bir sıra kompleks tədbirlər görmək lazımdır. Onların arasında belə bir qanuna da ehtiyac ola bilər ki, hər şəraiti ola-ola evlənməyən gənclər təbii ki müəyyən vergilər verməklə ailəli, o uşaqları olan ailələrin inkişafına öz köməkliklərini etsinlər”.

Ayşən Vəli