“Azərbaycan etnik-dini dözümlülük simvoludur“ - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

18 Oktyabr 2024 10:55 (UTC+04:00)

“Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi hüquqi qaynaqlarda, sənədlərdə yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, multikulturalizmin ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir: “Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir. Azərbaycan etnik-dini dözümlülük simvoludur.

Həmçinin biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu. Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bizim ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir”.