Naxçıvanda Müstəqilliyin Bərpası Günü ilə bağlı sərgi açılıb - FOTOLAR

18 Oktyabr 2024 01:49 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar sərgi açılıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva sərginin mahiyyəti və ekspozisiyada nümayiş olunan rəsmlər barədə məlumat verib. Qeyd olunub ki, müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasətini və ideyalarını davam etdirən Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi ilə çox böyük uğurlara imza atır. Bu uğurları həyatımızın bütün sahələrində görürük. 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir və sarsılmazdır.

Sonra Azərbaycan Respublikasının Əməkdar rəssamı Fikrət Babayev tərəfindən çəkilmiş şəhid Şükür Hacıyevin portreti şəhidin anasına təqdim olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Üzeyir Məmmədov, Əməkdar rəssam Həbibə Allahverdiyeva, Şəhla Əhmədova, şəhid anası Fatma Hacıyeva Müstəqilliyin Bərpası Günü haqqında danışıb, iştirakçılara və rəssamlara təbriklərini çatdırıblar. Sərgidə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Şəhər Musiqi və İncəsənət Məktəbinin müəllim və tələbə kollektivləri iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 22-dək davam edəcək sərgidə 13 rəssamın 36 əsəri nümayiş olunur.