Şuşa 2024: Gənclik ruhu ilə canlanan qocaman miras

17 Oktyabr 2024 19:54 (UTC+04:00)

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsinə həsr olunmuş “Şuşa 2024: Gənclik ruhu ilə canlanan qocaman miras” adlı tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rəsədxanadan bildirilib ki, tədbirini keçirilməsində məqsəd özünü mədəniyyət mərkəzi kimi təsdiqləmiş Şuşa şəhərinin elmi mərkəzə çevrilməsinə gənc alim kimi töhfə verməyin yollarını müzakirə etmək olub.

Açılış mərasimində çıxış edənlər Şuşanın 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsinin Azərbaycan gəncliyinin real potensialını ortaya qoyması üçün bir imkan olduğunu bildiriblər. Qeyd edilib ki, Şuşanın azad olunmasında aparıcı rol oynayan gənclərin bu gün şəhərin bərpa-yenidənqurma işlərində fəal iştirakı milli irsimizin etibarlı əllərdə olmasının bariz nümunəsidir.

Daha sonra “Bir miras, bir gələcək: Şuşada gənclik” adlı videoçarx təqdim olunub.

Tədbirdə “Şuşa – gənclərin zəfər və mədəniyyət simvolu”, “Gənclik və ekoturizm: Şuşada yaşıl gələcək”, “Mədəniyyət, sahibkarlıq və gənclik: Şuşanın yeni yüz ili” və “Gənclik və irs: gələcəyin qovşağı – Şuşa” mövzularında məruzələr dinlənilib.