Ersin Tatar yunan tərəfi ilə rəsmi görüşlərdən uzaq duracaqlarını deyir

17 Oktyabr 2024 18:05 (UTC+04:00)

Şimali Kipr Türk Respublikası (ŞKTR) prezidenti Ersin Tatar yunan tərəfi ilə rəsmi görüşlərdən uzaq duracaqlarını bildirdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin ev sahibliyi ilə Kipr Respublikası prezidenti Nikos Hristodulidis ilə qeyri-rəsmi axşam yeməyində görüşən ŞKTR lideri Tatar ölkəsinə geri döndü. O, Ercan hava limanında verdiyi müsahibədə yunan tərəfi ilə rəsmi görüşün yalnız Kipr türk tərəfinin suveren bərabərliyi və beynəlxalq statusunun təsdiqi ilə mümkün ola biləcəyini vurğuladı.

50 ildir davam edən federasiya əsaslı danışıqların nəticə vermədiyini və ən son 2017-ci ildə İsveçrənin Krans Montana qəsəbəsində yunanların masadan qalxması ilə prosesin çökməsini xatırladan Ersin Tatar eyni yanaşma ilə yenidən danışıqlar aparmağın heç bir mənası olmadığını qarşı tərəfə bildirdiyini söylədi. O, yeməkdə BMT baş katibi Quterreş və yunan tərəfi prezidenti Hristodulidislə 50 ildən bəri davam edən BMT TŞ qərarlarına sadiq qalmaq və bu qərarlar istiqamətində bir həll tapmaq tələbinin reallıqdan uzaq olduğunu vurğuladığını bildirərək yunanlarla rəsmi görüşlərdən uzaq duracaqlarını ifadə etdi.