Gürcüstanda müşahidə edilənlərin PƏRDƏARXASI - TƏHLİL

17 Oktyabr 2024 17:27 (UTC+04:00)

Gürcüstanda keçiriləcək seçkiöncəsi yaranan vəziyyət, ümumiyyətlə, qonşu ölkədəki mənzərə diqqəti cəlb etməyə bilməz. Yenə də Qərbin məhz Cənubi Qafqaza burun soxduğunu görməkdəyik. Münbit şərait hiss edən kimi region ölkələrindən hansınınsa birində qarışıqlıq yaratmaq cəhdlərinin Qərbin ənənəsinə çevrildiyi artıq təkzibedilməz hesab olunur. Bu baxımdan qonşu ölkə olan Gürcüstanda müşahidə edilən qarışıqlığın, xaosun haradan və hansı səbəbdən ortaya çıxdığı artıq bəlli olur. Bir sözlə, Gürcüstanda müşahidə olunanların pərdəarxası məqamları özünü göstərir.

Ümumiyyətlə, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanla yanaşı, Gürcüstanın da məhz regiona müsbət təsirlərinin olduğunu həzm edə bilməyən Qərb qətiyyən dinc dayanana oxşamır. Bu məqamda, region ölkələrində baş verənlərin pərdəarxasında nələrin olduğu həqiqətən də olduqca boyük maraq, eləcə də məntiqi suallar doğurur və Gürcüstan nümunəsindən də bir daha görürük ki, Cənubi Qafqazda stabillik, təhlükəsizliyin təminatı Qərbi çox narahat edir və məhz buna görə də həmin ölkənin daxili işlərinə müdaxilə etmək cəhdləri də anlaşılandır.

Cənubi Qafqazın taleyinin Azərbaycan və Gürcüstandan asılı olmasının Qərbi bərk narahat etdiyi görünür

Bütün dünya ictimaiyyəti artıq çoxdan qəbul edib və etiraf da etməkdədir ki, Cənubi Qafqazda müsbət istiqamətdə baş verən və bundan sonra da baş verə biləcək hadisələr, ilk növbədə Azərbaycandan asılı olduğu kimi, Gürcüstanla birliyin davamlı, möhkəm olmasından da asılıdır. Daha dəqiq desək, regionun taleyinin ölkəmizlə Gürcüstandan, ələlxüsus da hər iki ölkənin birgə əməkdaşlıqların asılı olduğu şəksiz-şübhəsiz qəbul edilir. Elə Qərbi də narahat edən məhz budur. İllərlə erməni millətçilərini, uydurmaların, miflərin quluna çevrilənləri qızışdıraraq “nə isə” gözləyən, daha doğrusu, bölgədə istədikləri qarışıqlığı yaratmaq üçün haylara ümid edərək hər çirkin ssenarini reallaşdırmağa çalışan Qərb artıq hayların hay-hayının gedib, vay-vayının qaldığını, yəni heç nəyə əllərinin çatmadığını başa düşdüyü və qəbul etdiyi üçün Gürcüstana “həmlə” etməyə çalışır. Azərbaycan dövlətinin hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığından, bunun da regiona müsbıt təsirlərindən narahat olan, ehtiyat edən Qərb, ölkəmizdə min hoqqadan çıxsa da, hansısa nəticə əldə edə bilmədiyini, bütün planlarının və niyyətinin puç edildiyini dərk etdiyi üçün heç olmasa qonşu Gürcüstanı qarışdırmağa çalışır.

Bəli, Qərb anlayır və qəbul da edir ki, hazırda regionun taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Bəzən müvafiq etiraflar da olur və görürük ki, iki qonşu ölkənin birliyi kənar qüvvələri, Cənubi Qafqaza soxulmaq istəyən Qərbi bərk narahat edir. Ələlxüsus da Azərbaycan dövlətinin hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığı belə çıxır ki, Qərb dairələrinin yuxularını da ərşə çəkib. Bu baxımdan da rəsmi Bakının daha yaxın olduğu Gürcüstan hakimiyyətini tamamilə xaosa sürükləmək kimi Qərbin əsas istəyini də anlamaq, belə bir reallığı görmək, dərk etmək kifayətdir ki, hadisələrin pərdəarxasında nələrin olduğu dərk olunsun.

Qərb dairələrini qıcıqlandıran məqamların kökündə nələrin olduğu bəllidir

Ölkəmizlə qonşu Gürcüstan arasında olan uğurlu əməkdaşlıq fonunda həmin ölkənin hakim partiyasının qələbəsinin Azərbaycanın maraqlarına uyğun olduğu da Qərb üçün sirr deyil. Hər halda, Qərb elə bundan qıcıqlanmağa başlayıb və məsələnin kökündə nəyin dayandığını müəyyənləşdirmək də bu nöqteyi-nəzərdən məntiqidir. Qərbin qarşısında sual qoyula bilər ki, cənab Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında olan münasibətlər, şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər, iki ölkə arasında münasibətlərin getdikcə dinamik şəkildə inkişaf etməsi axı niyə belə narahatlıq verib Qərb dairələri üçün? Elə bu sualın cavabı özü də bir çox məqamlara aydınlıq gətirməyə, məsələnin pərdəarxasında nələrin olduğunu müəyyənləşdirməyə kömək edir.

Regionun iki qonşu ölkəsi arasında qarşılıqlı anlaşma, eləcə də əməkdaşlıqların yüksək səviyyədə olması görünür, Qərb üçün arzuolunmaz hal hesab olunurmuş. Belə məlum olur ki, Cənubi Qafqazın iki ölkəsinin bir araya gəlməsi amerikalıları da, avropalıları da qıcıqlandırırmış. Məhz müşahidəçi adı altında Ermənistanda cəsus yığmağın özünün də nəyə lazım olduğu bu rakursda düşünən zaman aydın olur. Deməli, regionun üçüncü ölkəsində, Ermənistanda həmin o qondarma müşahidəçilər, daha doğrusu cəsuslar, sadəcə olaraq, qonşu ölkələri, bölgədə baş verən prosesləri yaxından izləmək üçün kimlərə isə lazım imiş.

İki qonşu ölkə lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında olan yaxın münasibətlər də Qərb üçün arzuolunmaz sayılırmış. Görünür, ölkə rəhbərlərimizin şəxsi təmasları belə hansısa qüvvələri qıcıqlandırırmış. Regionun iki qonşu ölkəsinin rəhbərlərinin qarşılıqlı səfərləri belə kimlərinsə yuxusunu ərşə çəkirmir. Belə məlum olur ki, dövlət başçılarımızın keçirdiyi görüşlər, onların münasibətlərinin yüksək səviyyədə olması da hansısa qüvvələrin kürkünə birə salıbmış. Regionda üçüncü ölkəni imayəyə götürməyə oxşar dəstək verilməsi özü də bir çox pərdəarxası məqamların üzə çıxması üçün kifayət edir. Görünən odur ki, əllərini bölgənin iki qonşu ölkəsindən üzən Qərb oyunçuları Ermənistanı, bütövlükdə erməniləri ələ alıb, alət edib Cənubi Qafqaza burun soxmaq istəyirlərmiş. Məsələ burasındadır ki, haqlı olaraq haylara güvənməyən, onların “iplərinin üstünə yük qoymağın” mənasız olduğu qənaətində olanlar daha irəli gedərək, Gürcüstanı da qarışıqlıqlarla “məşğul etməyə” çalışırlar. Bunu elə gürcülər özləri də başa düşürlər. Ən azından Mixail Saakaşvilinin başına gələnlər, onunla bağlı hadisələr və Qərb üçün guya bir vaxtlar dəyərli sayılan liderin indiki durumu gürcülər üçün böyük bir dərs olaraq qalır və artıq hansısa oyunçuların nağılları qəbul edilən deyil. Çünki gürcülər də başa düşürlər ki, Qərb oyunçularının məqsədi regionda qüvvətlənin, söz sahibinə çevrilən və ən azından regionun taleyini müəyyən edən ölkələri qarışdırmaq və bununla da bölgəyə burun soxmaqdan ibarətdir.

Azərbaycanda qarışıqlıq yaratmaq cəhdlərinin puça çıxması fonunda Gürcüstanın hədəfə alınması başadüşüləndir

Hələ də heç bir regional layihəyə Ermənistanın qoşula bilmədiyi, marginallaşmış vəziyyətdə qaldığı halda, regionda heç bir hadisənin gedişatına təsir gücünə malik olmadığını, həmin işğalçı ölkədən çoxdan əl üzmək vaxtı çatdığını Qərb çox yaxşı başa düşür və qəbul da edir. Onu da qəbul edir ki, Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional layihələr hər iki dövləti həm qüdrətli ölkəyə çevirib, həm də regionda söz sahibi edib. Amma bunu Ermənistan barədə qətiyyən demək olmaz və məhz buna görə də Gürcüstanın hədəfə alınmasının nə üçün Qərbə lazım olduğu bəlli olur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və digər layihələr hər iki ölkənin hansı səviyyədə münasibətlər qurduqlarını da göstərir, üstəlik, region üçün hansı dərəcədə söz sahibi olduqlarını da. Birgə layihələrin reallaşması və onların ümumilikdə regionun inkişafına töhfəsi də Qərbin nəzərindən qaça bilməz və indi hayların “yaltaqlanmaları” da vəziyyətlərinin ağır olduğu qənaətinə gətirib çıxarır. Qərb isə buna heç fikir də vermək, vaxt da ayırmaq fikrində deyil və məqsəd tamamilə başqadır. Görünən odur ki, münasibətlərin dərinləşməsini istəməyən Qərb əgər Azərbaycana təsir edə bilmirsə, mütləq Gürcüstanı hədəfə almağı planlamalı da idi. Belə də oldu və qonşu ölkədəki rezonans heç də təbiət hadisəsi deyil və burada Qərb dediyimiz şeytanın “barmağının” olduğunu görməmək mümkün də deyil. Ümumiyyətlə, bir çox ölkələrdə, ələlxüsus da Cənubi Qafqaz ölkələrində olan qarışıqlıqların ən azından ssenarisinin Qərb tərəfindən hazırlandığı artıq dəfələrlə öz təsdiqini tapıb. Məsələn, guya havadarlıq etdiyi, qanadı altına aldığı Ermənistanda demokratiya adı ilə küçə nümayişlərinin təşkil edilməsi, Nikol Paşinyanın şəxsində Qərbin “öz kadrını” hakimiyyət kürsüsünə oturtması özü deyilənlərin əyani sübutu, təsdiqidir. Məsələ burasındadır ki, indi artıq Qərb başa düşür, yaxud belə bir qənaətdədir ki, İrəvanı ələ almaqla, Ermənistanı alət etməklə heç bir nəticə əldə edə bilməz. Çünki fərqindədir ki, Ermənistan bir işğalçı ölkə statusundan başqa heç nəyin sahibi deyil və regionda mahiyyəti də yox dərəcəsindədir. Ona görə də Qərb artıq Ermənistanla özün məşğul belə etmək istəmir və diqqəti də bölgədəki, Cənubi Qafqazdakı proseslərdə yaxından iştirak edən ölkələrə yönəltməyə çalışır. USAİD, NED və bunların timsalında bir çox qurumların koməyi ilə Azərbaycanda qarışıqlıq yaratmaq cəhdlərinin puça çıxması fonunda da ölkəmizə təsir edə bilməyəcəyi qənaətindən sonra Gürcüstanın hədəfə alınması bu baxımdan başadüşüləndir.

Təzyiqlər, ölkələrin daxili işlərinə müdaxilələr, manipulyasiyalar fonunda Cənubi Qafqaza soxulmaq cəhdləri yolverilməzdir

Qərb dairələrinin hansısa “nailiyyət” qazanacağı, yəni, bölgədə, bizim coğrafiyamızda olan hansısa ölkədə qarışıqlıqlar yaratmaqla regionda nəzarəti ələ alacağı, özünə yer edəcəyi heç də inandırıcı görünmür. Çünki regionun taleyi etibarlı əllərdədir. Doğrudur, Qərbin məqsədi nə yolla olur-olsun regionda qarışıqlıq yaratmaqdır və bunun üçün Ermənistandan başqa hansı ölkədə qarışıqlıq yaratmağın amerikalılar və avropalılar üçün qətiyyən fərqi yoxdur. Amma məsələ burasındadır ki, Qərb bu dəfə Gürcüstanı hədəf olaraq bəlləsə də Azərbaycan buna da biganə deyil. Qonşu ölkə olan və ölkəmizlə münasibətləri yüksək səviyyədə olan Gürcüstan da məhz Azərbaycanın mövqeyinə hörmətlə yanaşır və daha böyük üstünlük verir. Əvvəla ona görə ki, regionun taleyi hər iki ölkə üçün daha maraqlıdır və gürcülər yaxşı bilirlər ki, azərbaycanlılar heç də azmerikalılar və avropalılar kimi bölgədə baş verənlərə laqeyid yanaşan deyillər. Daha dəqiq desək, regionun təhlükəsizliyinin, stabilliyinin, sülhün və əmin-amanlığın bərqərar olmasının Azərbaycan üçün daha önəmli olduğunu Gürcüstan tərəfi çox yaxşı başa düşür və çünki bunun isbata ehtiyacı olmayan aksiom olduğu bəllidir. Bəllidir ki, heç bir ölkə öz coğrafiyasında hansısa qarışıqlığın tərəfdarı ola bilməz və buna qarşıdır. Bu baxımdan da Azərbaycanın mövqeyi Gürcüstan tərəfi üçün daha dəyərlidir və həmin mövqeyi gürcülər qətiyyən digərləri ilə müqaisə belə etməzlər. Digər tərəfdən də axı iki qonşu ölkə arasında tarix boyu elə əlaqələr olub, elə münasibətlər yaranıb ki, bu, nə ilə isə müqaisəyə belə gəlməz. Yəni, etibarlılıq baxımından da Azərbaycanı hansısa Qərb dairələri ilə müqaisə etmək ağıla sığan deyil. Təsadüfi də deyil ki, uzun zamandır azərbaycanlılar Gürcüstanda, gürcülər də Azərbaycanda dinc və yanaşı yaşamaqdadırlar. Doğrudur, ölkələrimizin tolerantlıq ənənələri bu rakursda əsas şərtlərdən hesab olunur, amma etiraf etmək lazımdır ki, bu qədər müddətdə hər iki xalqın sülh şəraitində birgə yaşaması, arada heç bir konfliktin olmaması özü də önəmli faktordur və ondan xəbər verir ki, xalqlarımız bir-birinə hörmət və ehtiramla yanaşır. Onu da görürük ki, Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanda yaşayan gürcülər hər zaman diqqət və qayğı ilə əhatə olunurlar və hansısa ayrı-seçkiliyin şahidi olan da olmayıb. Deməli, qarşılıqlı hörmət və ehtiram qətiyyən təkzib edilə bilməz. Məhz bu rakursda onu diqqətə çatdırmaq istərdik ki, Azərbaycanın məhz indi Gürcüstanda müşahidə edilənlərə qətiyyən müşahidəçi kimi yanaşmayacağını gürcülər nəinki başa düşürlər və bunu qəbul da edirlər. Bilirlər ki, bəzi Qərb dairələrinin bir zamanlar Azərbaycana təsir etməyə, ölkəmizdə qarışıqlıq yaratmağa çalışdıqları kimi, indi də Gürcüstanda bunu etmək cəhdləri, yəni, Cənubi Qafqazda qarışıqlıq yaratmaq, təhlükəsizliyinə, stabilliyinə, sülh və əmin-amanlığın bərqərar edilməsinə mane olmaq niyyəti qətiyyən regionun lider dövləti tərəfindən, ölkəmiz tərəfindən qəbul edilən deyil və buna imkan da verilməyəcək. Çünki təzyiqlər, ölkələrin daxili işlərinə müdaxilələr, manipulyasiyalar fonunda Cənubi Qafqaza soxulmaq cəhdləri yolverilməzdir.