"Xocalı soyqırımı ilə heç bir fərq görmürəm" - ŞƏRH EDİLDİ

17 Oktyabr 2024 16:43 (UTC+04:00)

"Ermənistan Vətən müharibəsi zamanı Azərbaycanın münaqişə zonası ilə əlaqəsi olmayan bir çox şəhər və rayonlarını, kənd, qəsəbələrini müxtəlif silahlardan, o cümlədən taktiki və ballistik raketlərdən, reaktiv yaylım atəşi sistemlərindən atəşə tutmuşdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu cinayətlər nəticəsində çox sayda mülki vətəndaşlarımız, yaşlılar, qadınlar yaralanmış və ya həyatlarını itirmişlər: "Paralel olaraq da Azərbaycan infrastrukturuna böyük ziyan dəymişdir. Nəticə etibarilə mülki əhalimizin atəşə tutulması ilə Ermənistan silahlılarının 1992-ci ildə törətdiyi Xocalı soyqırımı arasında heç bir fərq görmürəm. Sadəcə o zaman ermənilər mülki əhalini atəşə tutarkən həmin ərazilərə zirehli vasitələrlə daxil olmaq imkanlarına malik idilər, bu dəfə isə tam əksinə olaraq onlar Azərbaycan ərazilərindən geri çəkilmək, məğlub olmaq təhlükəsi ilə üz-üzə qaldıqlarına görə Azərbaycan ərazilərini atəşə tuturdular. Təbii ki, bu ərazilərə texnika yeridə bilmirdilər. Nəticə etibarilə hər ikisi müharibə cinayətləridir və bunu Ermənistan tərəfi törədib. Buna görə də Ermənistan mütləq cavab verməlidir".

"Qəhrəman ordumuzun əks-hücum əməliyyatları nəticəsində ərazidə məğlubiyyətə məruz qalan Ermənistan hər dəfə Azərbaycan ərazilərini atəşə tutmaqla əhalimizi hakimiyyətə və ordunun həyata keçirdiyi əks-hücum əməliyyatlarına qarşı çıxışlara sövq edəcəyini düşünürdü. Əhalidə xof, qorxu yaratmağa, insanların qələbəyə olan inamını sarsmağa çalışırdılar. Lakin bunların heç biri nəticə vermədi. Son dəfə Gəncə 17 oktyabrda, yəni Azərbaycan ordusu Füzuli və onun ətrafında yerləşən yeddi kəndimizi azad edəndən sonra tutulmuşdu. Gəncəyə ballistik raketlərdən növbəti dəfə atəş açılmışdı, onlarla ev dağıdılmışdı, 15 nəfər həlak olmuş, 55 nəfər isə yaralanmışdı. Bütün bunlar Ermənistanın törətdiyi müharibə cinayətləridir. Bu cinayətlərə Azərbaycan ərazilərinin dağıdılması və sərvətlərinin talanması, mina təmizləməyə vəsaiti əlavə edərək biz Ermənistandan böyük miqdarda kompensasiya tələb etməliyik. Ermənistan törətdiyi bu cinayətləri etiraf etməli, kompensasiyanın ödənilməsinə öhdəlik olaraq üzərinə götürməlidir ki, Azərbaycan ilə dayanıqlı sülhün əldə olunması mümkün olsun" - deyə o, əlavə edib.