Naxçıvanda su anbarları çöküntülərdən təmizlənir

17 Oktyabr 2024 16:14 (UTC+04:00)

Muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda, dayanıqlı içməli su ilə təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su anbarlarında hovuzların çöküntülərdən təmizlənməsi işlərinə start verilib. Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və İctimai Səhiyyə Xidməti Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Şahbuz Şəhər Sutəmizləyici Qurğular Kompleksinin 2500 kubmetr həcmində olan su anbarı yuyulub, xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulur. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz ediləcək. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin olunacaq.

Vətəndaşların təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.