Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib - FOTOLAR

17 Oktyabr 2024 11:39 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 50 metr sərbəst üsulda qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova birinci olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva və DİN-nin əməkdaşı Nuriyə Axundova müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Emil İbrahimov, Toğrul Sadıqov (hər ikisi DİN), Pyotr Kuvşinov (SOCAR) fərqləniblər.

100 metr sərbəst üsulda qadınlar arasında Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Nəzrin Hüseynova və Nuriyyə Axundova (hər ikisi DİN) ikinci və üçüncü yerə layiq görülüblər. Kişilər arasında Emil İbrahimov, Cavidan Cahangirov (hər ikisi DİN), Teymur Fərəcov (Azərbaycan Beynəlxalq Bankı) ilk üçlükdə qərarlaşıblar.

4x50 metr sərbəst üsulda (estafet) qadınlar arasında DİN birinci olub. FHN və SOCAR yarışı ikinci və üçüncü pillədə tamamlayıblar. Kişilər arasında DİN birinci yerə layiq görülüb. SOCAR ikinci, FHN və Xəzər Dəniz Gəmiçiliyi üçüncü yerə layiq görülüblər.

Sərbəst üsulda qadınlar və kişilər arasında (4x50 metr MİX, estafet) keçirilən yarışda DİN birinci, FHN ikinci və SOCAR üçüncü pillədə qərarlaşıblar.