"İrəvan Azərbaycanlı pedaqoji məktəbi universitet səviyyəsində olub" - Cəlal Allahverdiyev

17 Oktyabr 2024 11:18 (UTC+04:00)

"Bu gün İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyinin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi heç də təsadüfi deyil". SİA xəbər verir ki, bu sözləri kitab müəllifi, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.

Onun sözlərinə görə, bunun səbəbini iki cəhətlə qeyd etmək istərdim: "Birincisi, İrəvan Azərbaycanlı pedaqoji məktəbinin məzunlarının əksəriyyəti vaxtı ilə pedaqoji məktəbi bitirdikdən sonra ali məktəbə daxil olub, sonralar Pedaqoji Universitetdə müəllim kimi elmi istiqamətdə, pedaqoji fəaliyyətdə çox böyük səmərəli fəaliyyət göstəriblər. Pedaqoji Universitetdə təhsilin daha da inkişafında, eyni zamanda ixtisaslı pedaqoji kadrların hazırlanmasında çox böyük rol oynayıblar.

İkinci bir səbəb isə Pedaqoji Universitetin tarixən İrəvanda Azərbaycan maarifçiliyinə, Azərbaycan təhsili ilə daim sıx əlaqədə olması ilə bağlıdır. Bu gün İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyi bizim hörmətli professorumuz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə geniş şəkildə qeyd olunur. İrəvan Azərbaycanlı pedaqoji məktəbi Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan təhsil ocaqlarından biridir. İrəvan Azərbaycanlı pedaqoji məktəbi Cənubi Qafqazda universitet səviyyəsində olan təhsil ocaqlarından biri olub".