“Böyük Qayıdış Qarabağ və Şərqi Zəngəzurun hərtərəfli inkişafına böyük bir təkan verir“ - ŞƏRH OLUNDU

16 Oktyabr 2024 17:32 (UTC+04:00)

“İşğaldan azad edilən ərazilərdə quruculuq işləri bu gün geniş vüsət alıb, demək olar ki, işğaldan azad olunan bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində davamlı tikinti və quruculuq işləri aparılır, infrastruktur və yollar salınır, yeni bağçalar və məktəblər tikilir. Bütün bunlar Qarabağda yaşayan əhalinin rahatlığına və rifahına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, mədəni irsin qorunması ilə bağlı da mühüm işlər görülür, illərdir ermənilər Qarabağda Azərbaycanın maddi-mədəni irsini talan etmiş, məsçidlərimizi, dini abidələrimizi dağıtmışlar, qədim tarixi abidələr və məskənlərimiz saxtalaşdırmaya məruz qalmışdır: “Hal-hazırda onların bərpası istiqamətində də mühüm işlər aparılır, dağılan məscidlər və abidələr yenidən bərpa olunaraq öz tarixi görkəminə qayıdır.

Aparılan quruculuq işləri tamamlandıqdan sonra keçmiş məcburi köçkünlərin qayıdış prosesi və məskunlaşması uğurla həyata keçilir. Artıq minlərlə məcburi köçkün ailəsi öz doğma torpaqlarına qayıtmış, onların təminatı və məşğulluq məsələləri birbaşa dövlətin qayğısı və himayəsi altındadır. Bir iqtisadi zona kimi də bu gün Qarabağ və Şərqi Zəngəzur inkişaf edir, ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə yeni iqtisadi və sənaye müəssisələrinin açılışı olur ki, bu da Böyük Qayıdış prosesində keçmiş məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi, Qarabağın dirçəlişi və çiçəklənməsi, gəlir yerlərinin artırılması baxımından çox önəmlidir.

Qarabağda müxtəlif beynəlxalq səviyyəli mədəni tədbirlər və festivallar keçirilir, dünya liderlərinin sammiti təşkil olunur. Bu il Şuşada baş tutan Türk Ölkələrinin sammitini bu mənada xüsusi qeyd etmək lazımdır. Laçın şəhəri də diqqət mərkəzindədir, MDB ölkələri başçılarının görüşündə Laçın MDB-nin mədəni paytaxtı elan olunub. Bu illər ərzində xarici diplomatlarımızın Qarabağa tanışlıq səfərləri təşkil olunub və reallıqlarla yaxından tanış olublar.
Nəticə etibarı ilə bütün bunlar Qarabağın inkişafını, Böyük Qayıdış prosesinin uğurla aparılmasını göstərən tədbirlərdir.
Ümumilikdə prosesə qiymət versək belə demək olar ki, Böyük Qayıdış prosesi çox uğurla aparılır və bu Qarabağ və Şərqi Zəngəzurun hərtərəfli inkişafına böyük bir təkan verir”.